...

Kombinat direktorunun qətlini evin xadiməsi təşkil edibmiş

Cəmiyyət Materials 26 Yanvar 2016 16:52 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Yanvarın 8-də Bakının Hövsan qəsəbəsindəki bağ evində xüsusi amansızlıqla qətlə yetirilən Bakı Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətlinin bəzi təfərrüatları məlum olub.

Q.Bağırovun atası Afil Bağırov Trend-ə bildirib ki, qətl hadisəsində şübhəli bilinərək saxlanılan Mahnurə Hüseynova mütəmadi olaraq Q.Bağırovun evinə gəlib-gedirmiş. Qadın evin təmizlik işlərinə baxırmış və buna görə Q.Bağırovdan aylıq maaş alırmış. Evdə xadimə işləyən həmin qadın bir neçə gün öncə Q.Bağırovun qətlə yetirilməsi üçün plan hazırlayıb və bu barədə tanışlarından yardım istəyib. Qadın qətl planı ilə bağlı tanışları Ehtiram Həsənov və Mübariz Əliyevlə danışaraq planı həyata keçirəcəyi günü müəyyən edib. Bir neçə gün Q.Bağırovu izləyən həmin şəxslər yanvarın 8-də qətl planını həyata keçirib. İzlənildiyini görən Q.Bağırov isə bu məqsədlə evindəki pulları hadisədən bir gün əvvəl elə evindəki seyfindən götürərək iş yerinə aparıb. Qatillər isə pulların evdə olduğunu zənn edərək Q.Bağırovu öldürmək qərarına gəliblər.

A.Bağırov bildirib ki, tanışları E.Həsənov və M.Əliyevin gizli yolla evə gəlməsi üçün M.Hüseynova həyətin və mənzilin qapılarını bilərəkdən açıq qoyub və həmin şəxslərin evə daxil olmasına şərait yaradıb.

Qeyd edək ki, qətl hadisəsi ilə bağlı 3 nəfər - Mahnurə Heydərəli qızı Hüseynova, Ehtiram Hətəm oğlu Həsənov və Mübariz Soltanağa oğlu Əliyev saxlanılıb.

Xatırladaq ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı bağ evində xüsusi amansızlıqla qətlə yetirilib. Kombinat direktoru 8 bıçaq zərbəsi vurulandan sonra boğmaqla qətlə yetirilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti