Bakı. Trend:
Xəzərin Türkmənistan sahillərində tapılan meyitin "Günəşli" yatağındakı 10-cu özüldə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.
Bununla əlaqədar, nazirliyin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.
X X X
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, itkin düşən neftçilərdən birinin cəsədi tapılıb. Yanvarın 29-da axşam saatlarında Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilib, bu barədə Azərbaycan tərəfinə diplomatik kanalllarla məlumat verilib.
Yaxın saatlarda FHN-in amfibiya tipli təyyarəsi istintaq qrupu və "Azneft" İB-nin işçiləri cəsədin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşəcəklər.
Qeyd edək ki, ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində "Neft Daşları"ndakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.