...

Rusiya, Türkiyə və Azərbaycan ziyalıları qardaşlaşan məktəbliləri təbrik etdilər (FOTO)

Cəmiyyət Materials 15 Fevral 2016 16:58 (UTC +04:00)
Bilik Fondu yarandığı vaxtdan bir sıra maarifçilik tədbirləri ilə yanaşı, “İlboyu bilik” proqramı üzrə “Qardaşlaşmış məktəblər” layihəsini həyata keçirir.
Rusiya, Türkiyə və Azərbaycan ziyalıları qardaşlaşan məktəbliləri təbrik etdilər (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı vaxtdan bir sıra maarifçilik tədbirləri ilə yanaşı, "İlboyu bilik" proqramı üzrə "Qardaşlaşmış məktəblər" layihəsini həyata keçirir. Artıq layihə üzrə Azərbaycanın müxtəlif rayonlarında yerləşən 41 məktəb arasında "Qardaşlaşma saziş"i imzalanıb.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Qardaşlaşmış məktəblər" layihəsi ilk dəfə olaraq, Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşir. Layihə 2016-cı il fevralın 13-dən 16-dək davam edib.

Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bakı Slavyan Universitetində "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016" Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə görüşdən sonra "Qardaşlaşma Sazişi"nin imzalanması mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev rus, türk və azərbaycanlı məktəbliləri salamlayıb: "Müxtəlif millətlərin dost və qardaş kimi yaşadıqları ölkəmizdə, paytaxtımız Bakıda sizin təşəbbüsünüzlə təhsil aldığınız doğma məktəblərinizi qardaşlaşdırmaq istəyinizi nəcib və şərəfli fəaliyyət kimi dəyərləndirmək olar. Sizin bu təşəbbüsünüz müasir dünya insanının ən böyük arzusu olan sülh və əmin-amanlığa xüsusi töhfədir. Mən sizə dərslərinizdə və saf niyyətlə həyata keçirdiyiniz bütün işlərinizdə uğurlar arzulayır, məktəblərinizin qardaş olması münasibətilə ürəkdən təbrik edirəm".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin öz məramına görə cəmiyyətdə böyük marağa səbəb olduğunu deyib: "Faydalı və maraqlı layihələrlə cəmiyyətdə rəğbət qazanmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi öz məramına görə böyük marağa səbəb olmuşdur. Həqiqətən də, yeni nəslin doğulub böyüdüyü vətənini daha yaxından tanımasına, sevməsinə, yaxın-uzaq ellərdə yaşayan həmyaşıdları ilə birbaşa dostluq ünsiyyəti qurmasina xidmət etmək əhəmiyyətli işdir. Bilik Fondunun dəstəyi ilə Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin qardaşlaşması həm də xalqların aparan yolun daha aydın və işıqlı olmasına kömək edir, böyüklərə mesaj verir ki, ümumi evimiz olan dünyamızda yalnız sülhə əsaslanmaqla ayrı-seçkiiliklərə yer vermədən mehriban qonşuluqla qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə irəli getmək olar. Uşaqların istədiyi budur, məktəblərin qardaşlaşması da bu amala xidmət edir.

Qardaşlığınız millətləriniz, dövlətləriniz və gələcəyimiz üçün xeyirli olsun, əziz balalar!"

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının maliyə bazarı üzrə Komitə sədrinin müavini Dmitri Savelyev öz təbrik məktubunda ölkəmizdəki tolerant mühiti yüksək dəyərləndirib: "Azərbaycan multikultural ölkə kimi cəmiyyətdə tolerantlığın yüksək səviyyədə saxlanılmasında parlaq nümunədir. Əminəm ki, müxtəlif ölkələrin və xalqların, o cümlədən Rusiya Federasiyasının gəns nümayəndələrinin fəal iştirakı ilə bu ilin fevralında Azərbaycanın qonaqpərvər paytaxtında reallaşan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi məktəblilərin yaddaşında unudulmaz iz qoyacaq, onların dostluğu isə bir çox ölkələrin böyüyən gəncliyinin dinc gələcəyinə zəmin yaradacaqdır".

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili, professor Necdet Ünüvar məktəblilərə təbrikində 2016-cı ilin "Multikulturalizm ili" elan olunmasını dünyaya verilən sülh mesajı adlandırıb: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi yüzillərdir digər dinlərə və mədəniyyətlərə hörmət edən və bunu bir yaşam tərzi olaraq mənimsəyən Azərbaycan xalqının dünyaya verdiyi bir sülh mesajıdır. Belə bir düşüncənin davamı olaraq Bakıda müxtəlif ölkələrdən gələn şagirdlərin görüşməsi və qardaşlaşması çox böyük bir addımdır. Bu tədbirdə Türkiyədən Heydər Əliyevin adını daşıyan məktəbdən də şagirdlərin iştirakı bizi çox məmnun edir. Belə bir dəvət və tədbir üçün sizə təşəkkür edir, təbrik edir və əməkdaşlığımızın davamlı olmasını diləyirəm."

"Qardaşlaşmış məktəblər" layihəsinin iştirakçılarına Moskva İqtisadiyyat və Hüquq Akademiyasının prorektoru, Rusiya Federasiyasının əməkdar elm xadimi, professor Oleq Aleksandroviç Zaytsevin təbrikləri çatdırılıb. Təbrikdə deyilir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi bir dövlətdə yaşayan müxtəlif xalqların nümayəndələri arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi, cəmiyyətin birləşməsi yolunda mühüm addımdır. Bu hazırki mürəkkəb və təlatümlü dövrdə bütün dünya üçün, həqiqətən humanist bir çağırışdır.

"Qardaşlaşmış məktəblər" layihəsinin bütün iştirakçılarına təhsildə müvəffəqiyyətlər, uğurlar və xoşbəxtlik arzulayıram. Qoy tərəfinizdən imzalanan saziş sizin gələcək həyatınızda həqiqi qardaşlıq münasibətlərinə zəmin yaratsın. Oxuyun, çalışın, yaradın, dost olun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti