...

Azərbaycana İran və Rusiyadan gələn turistlərin sayı artıb

Cəmiyyət Materials 30 Mart 2016 16:29 (UTC +04:00)
Azərbaycana İran və Rusiyadan gələn turistlərin sayı çoxalıb.
Azərbaycana İran və Rusiyadan gələn turistlərin sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycana İran və Rusiyadan gələn turistlərin sayı çoxalıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Novruz bayramı günlərində Azərbaycana İrandan gələn turistlərin sayında artım olduğunu deyən nazir müavini iranlı turistlərin dəqiq statistikasının hələlik məlum olmadığını, yaxın günlərdə Dövlət Sərhəd Xidməti tərəfindən onların sorğularına cavab veriləcəyini söyləyib: "Burada ölkəyə on minlərlə turistin gəlməsindən söhbət gedir. Belə ajiotaj 2011-ci ildə də qeydə alınmışdı. Bu il də həmin hal qeydə alındı. Burada da təbii ki, müxtəlif faktorlar rol oynayıb. Ölkədə baş verən ikinci devalvasiyadan sonra Azərbaycanda xidmətlərin qiymətləri dollar müqabilində daha cəlbedici və rəqabətə dözümlü olub".

N.Səmədov əlavə edib ki, iranlı turistlərin sayının artmasında həm də viza verilməsi prosedurunun sadələşdirilməsi, eyni zamanda İrandan gələn turistlər üçün dil baryeri məsələsinin olmaması da böyük rol oynayıb: "Onlar sərbəst Azərbaycan dilində danışdığından heç bir problem olmur. Qonşu ölkələrlə İranı müqayisə etdikdə bu, əsas faktorlardan biridir. Ona görə də bu faktorlar səbəbindən ölkəyə bu il daha çox turist gəlməyə başlayıb".

Nazir müavini deyib ki, bu il Rusiyadan gələn turistlərin sayında da artım olub: "Təbii ki, bunun da bir çox obyektiv və subyektiv səbəbləri olub. Biz obyektiv faktorlara əsaslanaraq öz işimizi təşkil edirik. Bildiyiniz kimi, Moskvada bizim rəsmi nümayəndəliyimiz də açılıb və onlar da bu prosesdə fəal şəkildə iştirak edirlər. İndidən artıq Rusiya vətəndaşlarının ölkəmizə axınından danışa bilərik. Əvvəllər ordan-burdan biznes məqsədi ilə Azərbaycana gələn var idisə, indi sırf səyahət xarakterli səfərlər çoxluq təşkil edir. Bu gün üçün Rusiyadan gələnlərin sayında da artım müşahidə olunur. Əgər ötən ilin statistikasına nəzər salsaq, təxminən 30-40 faiz artım qeydə alınıb. Hər ayın sonu üçün aldığımız statistikaya baxdıqda isə görürük ki, həm say, həm də turizm sənayesindən əldə olunan məlumatlar ölkəmizə turizm marağının geniş olduğunu sübut edir. Biz onlar üçün artıq bahalı istiqamət deyilik. Burda da təbii ki, subyektiv səbəblər var. Çünki bu gün dünyada hansı proseslərin cərəyan etdiyini hər kəs bilir. Misal olaraq, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi, eyni zamanda Avropa ilə təhlükəsizlik problemləri buna əyani sübutdur. Ona görə də çalışırıq ki, bu məsələdə yaranan imkanı lazımınca istifadə edə bilək. Çalışmalıyıq ki, ölkəyə turist axını davamlı olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti