...

Nazir müavini: Azərbaycanda hotellərin qiyməti Gürcüstanla müqayisədə dəfələrlə ucuzdur

Cəmiyyət Materials 30 Mart 2016 16:46 (UTC +04:00)
Azərbaycan hotellərində olan qiymətlərlə Gürcüstanda olan qiymətlər müqayisə edildikdə, 5 ulduzlu hotel seqmentində Bakıda olan brend hotellərin qiymətləri Gürcüstandakılardan 3-4 dəfə, 4 ulduzlu hotel seqmentində isə 2 dəfə ucuzdur.
Nazir müavini: Azərbaycanda hotellərin qiyməti Gürcüstanla müqayisədə dəfələrlə ucuzdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan hotellərində olan qiymətlərlə Gürcüstanda olan qiymətlər müqayisə edildikdə, 5 ulduzlu hotel seqmentində Bakıda olan brend hotellərin qiymətləri Gürcüstandakılardan 3-4 dəfə, 4 ulduzlu hotel seqmentində isə 2 dəfə ucuzdur. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Onun sözlərinə görə, xarici valyuta ilə müqayisədə Azərbaycanda turizm xidmətinin qiymətləri daha cəlbedicidir: "Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan hotellərində olan qiymətlər müqayisə edildikdə müəyyən edildi ki, 5 ulduzlu seqmentdə Bakıda olan brend hotellərin qiymətləri 3-4 dəfə, 4 ulduzlu seqmentdə isə 2 dəfə ucuzdur. Azərbaycanda bu sahədə problem 2-3 ulduzlu hotellərin sayının az olmasıdır. Çünki təklif çox zəifdir".

N.Səmədov deyib ki, Azərbaycanda indiyə kimi 2-3 ulduzlu hotellərin tikilməsinə holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər: "Onlara bu sahə o qədər də cəlbedici görünməyib. Halbuki 2-3 ulduzlu hotelə qoyulan investisiya 4-5 ulduzlu hotellərlə müqayisədə daha tez geri qaytarılır. Ona görə də az ulduzlu hotellərin tikintisi sahəsində çalışmaq lazımdır".

Nazir müavini onu da qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyininin hansısa bir şirkət, hotel və ya restoranda qiymətləri aşağı salmaq səlahiyyəti yoxdur. Çünki Azərbaycanda bu sahədə sərbəst bazar şəraiti mövcuddur: "Qiymətlərin yuxarı olduğu restorana gələn müştəri ikinci dəfə ora üz tutmaz. Bu da təbii ki, biznesin itirilməsi deməkdir. Yəni biznesi itirən restoran və ya hotel qiymətlərin yuxarı olduğunu düşünməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti