...

Türkiyədəki terrorlar Azərbaycandan bu ölkəyə turist axınına təsir edəcəkmi?

Cəmiyyət Materials 3 May 2016 10:42 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Son dövrlərdə Türkiyədə baş vermiş terror hadisələri ilə əlaqədar olaraq, Azərbaycandan həmin ölkəyə səfər edən turistlərin sayının azalacağı gözlənilmir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, azərbaycanlı turistlərin Türkiyəyə marağının azalması halı müşahidə edilmir: "Bununla bağlı narahatlığa səbəb yoxdur. İndiyədək belə hal müşahidə olunmayıb. Ötən illərdə olduğu kimi, bu il də azərbaycanlı turistlərin maraq göstərdiyi ilk ölkə Türkiyədir".

N.Bağırov deyib ki, ötən illərdə olduğu kimi, bu il də azərbaycanlı turistlər Türkiyənin İstanbul, Bodrum, Antalya şəhərlərində və digər dənizətrafı ərazilərində dincəlməyə maraq göstəririlər.

Assosiasiya sədri bildirib ki, bu il də azərbyacanlı turistlərin maraq göstərdiyi ölkələr sırasında Türkiyədən sonrakı yerləri Avropa ölkələri tutur: "Türkiyədən sonra gəzmək istəyənlər oradan Avropaya, xüsusilə İtaliyaya, İspaniyaya gedirlər. Avropada həm klassik, həm də qeyri-klassik turizm var. Yəni orada dəniz kənarında da dincələ bilərlər, şəhəri gəzib onun qədim yerləri ilə də tanış ola bilərlər".

N.Bağırov qeyd edib ki, yay mövsümündə nəinki Türkiyəyə, ümumilikdə xaricə getmək istəyən azərbaycanlı turistlərin sayında azalmanın müşahidə ediləcəyi gözlənilmir.

Onun sözlərinə görə, turizm şirkətləri tərəfindən verilən məlumatlar da bunu deməyə əsas verir: "Biz bu sahədə passivlik müşahidə etmirik. Bu il manatın devalvasiyasından indiyədək, yəni yay mövsümünə qədər olan müddət ərzində getmə turizmi üzrə turistlərin sayında azalma müşahidə edirdik. Ümid edirəm ki, azalma yalnız bu müddətə şamil olunacaq. Yay mövsümündə dincəlmək istəyənlər öz səfərlərini həyata keçirəcəklər".

Xatırladaq ki, bu ilin əvvəlindən Türkiyənin müxtəlif ərazilərində xeyli sayda insan tələfatı ilə nəticələnən bir neçə terror hadisəsi baş verib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da Trend-ə açıqlamasında bildirmişdi ki, Türkiyədə bu il ərzində baş verən terror aktları ilə əlaqədar olaraq, Azərbaycandan Türkiyəyə yay ayları ərzində gedən turistlərin sayının azalacağı gözlənilmir.

Səfirin sözlərinə görə, Türkiyə hər zaman dünyanın ən önəmli turizm mərkəzlərindən biri olmaqda davam edəcək: "Təəssüflər olsun ki, bu gün dünyanın hər yeri terror təhlükəsi ilə üz-üzədir. Türkiyə azərbaycanlı qardaşlarımızın hər zamankı kimi öz ölkəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti