...

Tolerantlıq mövzusunda rəsm əsərlərinin müsabiqəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2016 17:05 (UTC +04:00)
“Tolerantlıq örnəyi Azərbaycan: gənclərin gözü ilə” mövzusunda konfrans və sərgi keçirilib.
Tolerantlıq mövzusunda rəsm əsərlərinin müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün 2016-cı ilin “Multikulturalizm ili” elan olunması və bununla bağlı ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən, 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Tolerantlıq örnəyi Azərbaycan: gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda DQİDK- nın sədr müavini Gündüz İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Milli Məclisin deputatı Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, qeyri-hökumət və gənclər təşkilatlarının sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransdan öncə iştirakçılar gənc rəssamların tolerantlıq mövzusunda əsərlərindən ibarət sərgi ilə tanış olublar. G.İsmayılov bildirib ki, bu il tolerantlıq mövzusunda rəsm əsərlərinin müsabiqəsi keçirilib. Dövlət Komitəsi həmin müsabiqəyə təqdim olunmuş əsərlərin ən yaxşılarından ibarət fotoalbom nəşr edib ki, bu gün həm də həmin fotoalbomun təqdimatıdır.
Sərgi ilə bağlı layihənin koordinatoru, gənc rəssam Dilarə Müzəffərli ətraflı məlumat verib. O qeyd edib ki, sərgidəki bəzi əsərlər indiyədək bir neçə beynəlxalq tədbirlər çərçivəsində nümayiş etdirilib və uğur qazanıb.

Sərgi ilə tanışlıqdan sonra G.İsmayılov konfransı giriş sözü ilə açaraq xalqımızın tolerantlıq ənənələrindən, bu sahədə dövlət siyasətindən, eləcə də Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərindən danışıb. Tolerantlığı ölkəmizin həm də ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatı kimi qiymətləndirən sədr müavini onu Azərbaycan xalqının milli keyfiyyəti kimi xarakterizə edib.

G.İsmayılov Azərbaycanın tolerantlıq nümunələrini faktlarla diqqətə çatdırıb, hər bir azərbaycanlının ölkə ərazisindəki kilsələrə, məscidlərə və sinaqoqlara hörmətlə yanaşdığını vurğulayıb. O bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov bildirib ki, ölkəmizin milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Multikulturalizmin dünya miqyasında zaman keçdikcə aktuallıq qazandığını vurğulayan A.Məmmədov bu amilin Azərbaycanda həm dövlət siyasəti, həm də həyat tərzi olduğunu bildirib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edərək 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə həyata keçirilən maarifləndirici işlər barədə məlumat verib. O qeyd edib ki, “Multikulturalizm ili” çərçivəsində Fondun təşkilatçılığı ilə Bakıda və bölgələrdə tanınmış alimlərin, mütəxəssislərin silsilə mühazirələri təşkil edilib, gənclərin bu sahədə çoxsaylı layihələri reallaşdırılıb.

Milli Məclisin deputatı Şahin İsmayılov xalqımızın əsrlərdir müxtəlif etnik qrupların nümayəndələri ilə qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşadığını, ölkəmizdə tolerantlıq mühitinin güclənməsi istiqamətində ciddi addımlar atıldığını diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov tolerantlıq ənənələrinin Azərbaycan xalqının mənəviyyat və sülhsevərliyindən qaynaqlanmasından, tolerantlığın dövlət siyasətinin əsas tərkib hissəsini təşkil etməsindən danışıb. O bildirib ki, Azərbaycanın tolerantlıq sahəsində dövlət siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və həmin ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. S.Orucov diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər zaman milli-mənəvi dəyərlərin təbliği işinə öz töhfəsini verməyə çalışır. Müxtəlif bölgələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gənclərlə görüşlər keçirilir, müzakirələr aparılır.

Digər natiqlər də çıxışlarında xalqımızın tolerant və multikultural dəyərlərə verdiyi qiymətdən, bu sahədə dövlətin yürütdüyü siyasətdən və gənclər tərəfindən həyata keçirilən layihələrdən bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti