...

Dopinq vasitələrindən istifadə ilə bağlı yeni müstəqil komitələr yaradılacaq

Cəmiyyət Materials 25 Noyabr 2016 14:16 (UTC +04:00)
Azərbaycanda Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə dopinq vasitələrindən istifadə ilə bağlı yeni müstəqil komitələr yaradılacaq.
Dopinq vasitələrindən istifadə ilə bağlı yeni müstəqil komitələr yaradılacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə dopinq vasitələrindən istifadə ilə bağlı yeni müstəqil komitələr yaradılacaq.

Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Gənclər və İdman Komitəsinin iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsinin ikinci oxunuş müzakirəsində komitənin sədri Fuad Muradov deyib.

F.Muradov qeyd edib ki, həmin komitələr Terapevtik İcazə Komitəsi, Dinləmə Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsi adlandırılacaq. Bundan əlavə, idman qurumlarının və digər dövlət strukturlarının təmsilçilərinin iştirakı ilə Müşahidə Şurasının yaradılması nəzərdə tutulur.

F.Muradovun sözlərinə görə, idmançılar mütləq şəkildə müəyyən preparatları – vitaminləri və s. qəbul etməlidirlər. Yaradılacaq Terapevtik İcazə Komitəsi idmançılara lazım olan vitamin və digər preparatlardan istifadəyə icazə verəcək. İdmançı ona qarşı tətbiq edilən sanksiyadan narazı qaldıqda o, Dinləmə Komitəsi vasitəsi ilə öz hüququnu qoruya biləcək. Eyni zamanda, Dinləmə Komitəsinin verdiyi qərardan narazı qalan Apellyasiya Komitəsinə müraciət edəcək:

“İdmançı fikirləşsə ki, bu məsələ ilə də bağlı da müəyyən problemlər var, onda o, beynəlxalq qanunvericliyə uyğun olaraq, İsveçrədəki İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər”.

F.Muradovun sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanı İntizam Komitəsini təsis edərək onun əsasnaməsini təsdiq edəcək.

F.Muradov qeyd edib ki, yaradılacaq Müşahidə Şurasına təmsil etdikləri qurumların siyasətlərini təqdim etmək üçün müxtəlif nümayəndələr seçiləcək. Bu nümayəndələrdən MM, Milli Olimpiya Komitəsinin, Milli Paraolimpiya Komitəsinin nümayəndəsi və müvafiq icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyətinin nümayəndələri və Milli Antidopinq Agentliyinin baş direktoru həmin şurada üzv olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti