...

Azərbaycana səfər edənlərin 70 faizi viza sisteminin olmadığı ölkələrin vətəndaşlarıdır

Cəmiyyət Materials 16 Dekabr 2016 12:00 (UTC +04:00)
Azərbaycana səfər edənlərin təxminən 70 faizi ölkəmizlə vizasız sistemin tətbiq edildiyi xarici ölkələrdən gələn vətəndaşlardır.
Azərbaycana səfər edənlərin 70 faizi viza sisteminin olmadığı ölkələrin vətəndaşlarıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycana səfər edənlərin təxminən 70 faizi ölkəmizlə vizasız sistemin tətbiq edildiyi xarici ölkələrdən gələn vətəndaşlardır.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "ASAN Viza" portalını­n təqdimat mərasimində çıxış edərkən deyib.

Nazir müavini bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artım qeydə alınıb. 2016-cı il ərzində Azərbaycana Rusiyadan gələn xarici ölkə vətəndaşlarının sayı 7,1 faiz, İrandan gələn vətəndaşların sayı 58 faiz , Qazaxıstandan gələn vətəndaşların sayı 15,8 faiz artıb.

N.Səmədov deyib ki, turizm sahəsində viza prosedurunun sadələşdirilməsi və birbaşa uçuşların həyata keçirilməsi olduqca vacibdir:

"Qonşu Gürcüstan və Türkiyənin təcrübəsi göstərir ki, viza siyasəti tam sərbəst olduqda, bu, ölkəyə turizm axınının artmasına səbəb olur. Elektron viza tətbiq edildikdən sonra Azərbaycana Avropa ölkələrindən gələnlərin sayı artıb".

N.Səmədov qeyd edib ki, Azərbaycan 2015-ci ilin noyabrından Birləşmiş Ərəb Əmirliyi, 2016-cı ilin fevral ayından Küveyt, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Yaponiya, Çin, Bəhreyn, Cənubi Koreya, Malayziya, İndoneziya və Sinqapur vətəndaşları üçün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş vizanın rəsmiləşdirilməsini təmin edib:

"Hazırda bizim əsas məqsədimiz nəinki beynəlxalq statuslu hava limanlarında, ümumiyyətlə, bütün dövlət sərhəd keçid məntəqələrində viza rəsmiləşdirilməsi imkanlarının yaradılmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti