...

BANM-in Prezident təqaüdçüsü: Ən böyük uğurum Prezident təqaüdçüsü adını qazanmağımdır

Cəmiyyət Materials 21 Dekabr 2016 11:22 (UTC +04:00)
BANM-in Prezident təqaüdçüsü danışır: “Ən böyük uğurum Prezident təqaüdçüsü adını qazanmağımdır”
BANM-in Prezident təqaüdçüsü: Ən böyük uğurum Prezident təqaüdçüsü adını qazanmağımdır

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Elçin Aslanlı cavablandırır.

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.

- Mən Aslanlı Elçin, əslən Qubadlıdan olsam da,13 may 1999-cu ildə Bakıda anadan olmuşam. 2005-ci ildə Nizami rayonu Kamil Əyyubov adına 12 saylı məktəbə daxil olmuşam. Qırmızı şəhadətnaməm var və məktəbdə bütün qiymətlərim “əla” olub. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına bu il daxil olmuşam. Prezident təqaüdçüsüyəm.

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- Açığı bu dövr mənim üçün çox yorucu idi. Bitmək bilməyən hazırlıq yolları, yuxusuz gecələr bu dövrü daha da dözülməz edirdi. Əgər uğurlarım, yəni sınaqlardakı nailiyyətlərim olmasa idi, bu çətinliklərin öhdəsindən gəlmək çox çətin olardı. Xoşbəxtlikdən, əziyyətim nəticə verdi və bu məni xeyli ruhlandırdı.

- Nə qədər bal topladınız?

- 685 bal toplamışam.

- Niyə məhz BANM-i seçdiniz?

- Son zamanlar BANM-in tez bir zamanda yüksələn reytinqi bu universiteti mənə daha cəlbedici edirdi. Üstəlik, bu ali təhsil ocağında yalnız yüksək ballı tələbələrin təhsil alması və təhsil rəqabətinin yüksək səviyyədə olması seçimimdə əsas faktorlardan biri oldu.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

- Valideynlərimin hazırlıq dövründə həm maddi, həm də mənəvi olaraq rolu çox böyük olub. Əlavə olaraq, qardaş və bacımın qəbul imtahanında göstərdiyi yüksək nəticələr məni motivasiya edib və bu uğurun mümkünsüz olmadığını göstərib.

- Ən böyük arzunuz?

- Ən böyük arzum Prezident təqaüdçüsü adını qazanmağım olub və bu uğura çatmışam.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- Kompüter və texnologiyaya olan marağım mənə bu ixtisası seçməkdə kömək etdi. Fikrimcə, bu ixtisası seçməyim təkmilləşmiş və Vətənə xeyirli bir mühəndis olmaq yolunda mənə ən böyük dəstək olacaq.

- Hobbiniz nədir?

- Ən böyük hobbilərim musiqi və futboldur. Gündə ən az 3 saat musiqiyə qulaq asıram və vacib futbol matçlarını mütəmadi olaraq izləyirəm. Gələcəkdə Barcelona klubunun stadionuna getmək ən böyük arzularımdan biridir.

- Başqa hansı maraqlarınız var?

- Boulinq, konsol oyunları (əsasən futbol), kinoya baxmaq da maraq dairəmə daxildir.

- Hansı janrda kitabları oxuyursunuz?

- Bədii kitablar oxumağa çox vaxtım olmadığı üçün film izləyərək kitabların xülasəsini anlamağa daha çox üstünlük verirəm. Daha çox elmi kinoları sevirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti