...

Ərəb nəşri Qız Qalasından yazdı

Cəmiyyət Materials 22 Dekabr 2016 16:10 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) nüfuzlu “Al Fajr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin Azərbaycan haqqında silsilə məqalələri çərçivəsində “Qız Qalası...Azərbaycan qadınının şərəf və izzət rəmzi” başlıqlı məqaləsi dərc edilib.
Ərəb nəşri Qız Qalasından yazdı

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu “Al Fajr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin Azərbaycan haqqında silsilə məqalələri çərçivəsində “Qız Qalası...Azərbaycan qadınının şərəf və izzət rəmzi” başlıqlı məqaləsi dərc edilib.

Məqaləsində baş redaktor Bakıda müasir memarlıq abidələri ilə yanaşı, ölkənin qədimliyini təsdiq edən tarixi abidələrin mövcudluğunu özəlliklə qeyd edərək, möhtəşəm çağdaş görünüşlü Milli Parkla üzbəüz nadir memarlıq üslubunda inşa edilmiş Qız Qalasından söhbət açır.

Məqalənin müəllifi qalanın daxili quruluşunu vəsf edərkən onun aşağısından yuxarısına aparan dairəvi pillələrin unikallığını önə çəkir və mərtəbələrin birində muzeyin fəaliyyət göstərdiyini yazır və yuxarısına çatdıqdan sonra unudulmaz mənzərənin açıldığını qeyd edir. O, fürsətdən istifadə edərək, Bakıya gedən turistlərə Qız Qalasını hökmən ziyarət etməyi və qalanın üstündən, xüsusən də qürub vaxtı yaranan mənzərəni seyr etməyi tövsiyə edir. Həmçinin qalanın ətrafında ekranların yerləşdirildiyi və onların üzərində bu gözəl tarixi abidə barəsində yazıların əks olunduğunu bildirir.

Sonra Ş.Əl-Bəsil Qız Qalası ilə bağlı xalq arasında daha çox yayılan əfsanəyə keçir və onun gənclər arasında sevgi nümunəsinin bariz örnəyi olduğunu qeyd edərək, iki gəncin bir-biri ilə dərin eşqlə bağlı olmalarına rəğmən qızın atasının nikaha qarşı çıxdığını oxucuların diqqətinə çatdırır və bunun acınacaqlı fəsadı olaraq, qızın qalaya sığınaraq özünü oradan atdığını və bununla da öz hisslərinin aliliyini nümayiş etdirdiyini və gənclər arasında sevgi fəlsəfəsinin əsl mahiyyətini ortaya qoyduğunu qabardır.

Daşlarının hələ də min illərin sirlərini özündə qoruyub saxladığını bu sehrli qala haqqında çoxlu əfsanələrin gəzdiyini yazan Ş.Əl-Bəsil şəxsi məntiqinə uyğun bir rəvayətdən söhbət açır: “İslamdan öncə Azərbaycan xalqı oda sitayiş edirdi. Hakim qəbilə özünün ən gözəl və cazibədar və eyni zamanda ən əxlaqlı və dindar qızlarından birini seçərək onu bu qalada ibadət etməyə sövq edirdilər. Gözəlliyi itənə qədər bu qalada özünü ibadətə həsr edirdi. Qalanın gözətçilərindən biri qıza aşiq olur və dini vəzifəsi başa çatdıqdan sonra onunla evlənmək istəyinə düşür. Region qəbilələri arasında hökm sürən qənaətə görə, hansı qəbilə içərisində qız olan bu qala üzərində nəzarəti ələ alırdısa, bütün yerdə qalan qəbilələr ona tabe olur. Bir neçə mərtəbədən ibarət qalanın istehkamının möhkəm olması və birinci mərtəbə ilə digər mərtəbələr arasında pilləkənin mövcud olmaması baxımından qalanın alınması heç də asan məsələ deyildi. Düşmən qəbilələrdən biri məkrli hiylə fikirləşir və rahibələrdən birini aldadaraq, ona düşmənlərinə qarşı köməklik göstərmək üçün pul təklif edir. Rahibə qalanın gözətçilərinin sularına yuxugətirən dərman qatır və onlara təqdim edir. Gözətçilər rahibəyə inandıqları üçün soyuq sudan içir və dərin yuxuya gedirlər. Aralarında qızın sevgilisi də olur. Düşmənlər heç bir müqavimətsiz qalaya hücum edirlər. Qız qəribə hərəkət hiss edir və gözətçiləri səsləyir, lakin səsinə cavab verən olmur. Qız düşmənlərin qala üzərində nəzarəti ələ ala biləcəklərinə və qalanın mehrabına qalxacaqlarına inanır. Bu səbəbdən qalanın ən yüksək mərtəbəsinə çıxır öz qəbiləsinin şərəfini qorumaq, gözəl qızı ələ keçirmək şərtini pozmaq və düşmənləri uğursuzluğa düçar etməkdən ötrü özünü qaladan atır. Həqiqətən də düşmənlərin hiyləsi puça çıxır, gözətçilər oyanan kimi düşmənlərlə vuruşurlar. Valeh olmuş əsgər sevgilisinin cəsədini gördükdə özünü qaladan aşağı atır və eşq şəhidi olaraq dünyasını dəyişir. İndiyə kimi Qız Qalası şərəf və izzət rəmzi hesab olunur. Dünyanın bütün yerlərindən minlərlə səyahətçi gözəl Azərbaycan qadının şücaətinə hörmət əlaməti olaraq oranı ziyarət edirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti