...

Yeni protezlərin tətbiqi aprel döyüşlərində xəsarət almış hərbçilərimizin fəal həyat tərzinin təmin olunmasına şərait yaradacaq (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2017 12:38 (UTC +04:00)
Yeni protezlərin tətbiqi aprel döyüşlərində xəsarət almış hərbçilərimizin fəal həyat tərzinin təmin olunmasına şərait yaradacaq
Yeni protezlərin tətbiqi aprel döyüşlərində xəsarət almış hərbçilərimizin fəal həyat tərzinin təmin olunmasına şərait yaradacaq (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı il aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təminatı” layihəsi çərçivəsində döyüşlərdə xəsarət almış əsgər və zabitlərimiz dünyanın qabaqcıl istehsalçıları olan Almaniyanın “Ottobock”, İslandiyanın “Ossur”, İngiltərənin “RSL Steeper” və ABŞ-ın “Fillauer” şirkətlərinin yüksək texnologiyalı protezləri ilə təmin olunacaqlar.

Trend-in məlumatına görə, hər bir əsgər və zabitimizin bir çox fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri nəzərə alınaraq, onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər tətbiq olunacaq.

Ötən müddətdə Heydər Əliyev Fondunun nümayəndələri əsgər və zabitlərlə görüşlər keçirib, onların hər birinin fərdi xüsusiyyətləri nəzərə alınaraq uyğun protezlərlə təmin olunması üçün layihə işlənilib. Heydər Əliyev Fondunun əməkdaşları və bir sıra müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu işçi qrupu layihənin tətbiqi mərhələlərini müəyyən edib.

İşçi qrupundan Trend-ə bildirilib ki, layihə çərçivəsində ilkin olaraq, aprel döyüşləri zamanı yaralanmış əsgər və zabitlərimizin ilkin dəyərləndirilməsi aparılıb. İlkin dəyərləndirmə zamanı əsgər və zabitlərdə güdülün formasına, həyat tərzinə, əmək məşğuliyyətlərinə, ümumiyyətlə, onların fərdi protezlərə qarşı tələbləri müəyyənləşdirilib. Bunun əsasında hər bir əsgər və zabit üçün onun istifadə edə biləcəyi uyğun protezlər seçilib. Artıq protezlərin hazırlanması üçün əsgər və zabitlərdən ölçülər götürülüb. Aprelin 3-dən etibarən isə onların quraşdırılmasına başlanılıb:

“Artıq 2 əsgərdə həmin protezlər quraşdırılıb. Onlar bundan çox məmnun qaldılar. Biz özümüz gördük ki, onlar bu protezlə necə rahat şəkildə hərəkət edirdilər. Mehriban Əliyevanın tapşırığı ilə digər əsgər və zabitlərimizə protezlərin quraşdırılması 20 gün ərzində başa çatmalıdır. Lakin hesab edirik ki, bu müddət daha qısa olacaq. Bəzi protezlərin hazırlanması bir qədər mürəkkəb olduğundan onlar təxminən 10 günə təhvil veriləcək, amma qalan protezlər daha tez hazır olacaq”.

İşçi qrupundan deyilib ki, əsgər və zabitlərə quraşdırılan protezlərdən biri “Harmony P3” aktiv vakuum sistemli transtibial protezdir. Bu protez dizaltı amputasiyalar üçün uyğun olan, Almaniyanın “Ottobock” şirkətinə məxsus “Harmony P3” aktiv vakuum sistemli protezdir.

“Harmony P3” aktiv vakuum sistemli protezin soket və dinamik karbon ayaq arasında quraşdırılan aktiv vakuum cihazı ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır ki, bu neqativ təzyiq sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşır. Nəticədə ayaq protezlə bir vəhdət təşkil edir ki, istifadəçi protezi ayağının davamı kimi hiss edir və daha rahat, inamlı addım atır. Aktiv vakuum sisteminin yaratdığı neqativ təzyiqin daha bir önəmli xüsusiyyəti güdülün qan dövranını yaxşılaşdırmasıdır ki, bu da öz növbəsində, yaralı güdüllərin tezliklə sağalmasını təmin edir.Aktiv vakuum sistemli protez amortizator və rotasion xüsusiyyətlərə malikdir ki, bu da protezin hərəkət zamanı dəyişik yer səthlərinə uyğunlaşmasını təmin edir.

“Harmoy P3” sisteminə istifadə rahatlığını artırmaq məqsədilə dinamik “Triton” karbon ayaq quraşdırılıb ki, bu da öz növbəsində, hər növbəti addımın atılmasına təkanverici bir özəlliyə sahibdir.

“C-leg mikroprossesor” idarəetmə sistemli transfemoral protez dizüstü amputasiyalarda geniş tətbiq olunan, Almaniyanın “Ottobock” şirkətinin mühəndislərinin təkmilləşdirdiyi elektronik diz oynağıdır. Belə ki, “C-leg” mütəxəssisləri dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərini əsas tutaraq, protezlə hərəkətin insanın təbii hərəkətinə maksimum uyğunluğunu təmin ediblər. “C-leg” diz oynağının daxilində iki ədəd yüksək həssaslıqlı sensorlar var ki, bu sensorlar vasitəsilə hərəkət zamanı yer səthindən alınmış hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülməklə hərəkət vaxtı dəyişik zəminlərə uyğunlaşmanı təmin edir.

“C-leg” protezinin xüsusi proqram təminatı da var ki, bu proqram təminatı vasitəsilə protezə istifadəçinin tələbinə uyğun 3 fərqli funksiya yükləmək olur. Məsələn: bu, sərbəst hərəkət, qaçış, həmçinin velosiped idarə etmək funksiyası ola bilər.

6 kanallı bionik transhumeral protez – “BeBionic 3” yuxarı ətraf protezi İngiltərənin “RSL Steeper” şirkətinin istehsalı olub funksionallığı və istifadə rahatlığı baxımından dünyada ən geniş tətbiq olunan bionik əl protezidir.

“BeBionic 3” əl protezi protezə quraşdırılmış iki ədəd həssas elektrod sayəsində baş beyindən alınan hərəki siqnalları mikroprosessor idarəetmə sisteminə ötürür. İdarəetmə sisteminə daxil olmuş siqnallar işləndikdən sonra protezə quraşdırılmış mühərriklərə ötürülür. Bu mühərriklər hər bir barmağın sərbəst hərəkətini təmin etməklə günlük praktikada istifadəçinin faydalana biləcəyi dəyişik hərəkətləri təmin edir. “BeBionic” əl protezinin bilək oynağı da elektronik idarəetməli olub 360 dərəcə dönmə imkanına malikdir. Dirsəküstü amputasiyalarda istifadə olunan dirsək oynağı da elektronik olaraq açılıb-bükülmə imkanına malikdir.

Silikon kosmetik ayaq protezləri isə aşağı ətrafın Saym, Şopart və Lisfrank amputasiyaları üçün uyğun olub dəriyə zərərli və allergik təsiri olmayan təbii silikondan hazırlanır. Silikon kosmetik protezlər istifadəçinin dəri rəngi və ayağın anatomik quruluşuna uyğun olaraq fərdi hazırlanır. İstifadəsi və geyinilməsi çox rahat olub görüntü olaraq təbii ayaqdan çox da fərqlənmir.

Ümumilikdə, bu protezlərin tətbiqi döyüşlərdə xəsarət almış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasına şərait yaradacaq.

İşçi qrupundan bildirilib ki, əsgər və zabitlərimizin istifadə edəcəkləri protezlər sadə protezlərdən tamamilə fərqlənir:

"Sovet dövründən qalma üsullarla hazırlanan sadə protezlərin heç birində yumşaq içlik, ayağın dinamikliyi, eyni zamanda ayağı protezə bağlayan sistem yoxdur. Protezlə ayaq arasında boşluq qalarsa, şəxs daim o protezin ağırlığını hiss edir. Onun ayaqlarında döyənəklər yara yaradacaq. Bu, hətta təkrar amputasiyanın baş verməsinə səbəb ola bilər. Amma yeni, məsələn dizaltı amputasiyalar üçün uyğun olan, Almaniyanın “Ottobock” şirkətinə məxsus dizaltı harmonik P3 aktiv vakuum sistemli protezlərinin geyinilməsi və istifadəsi çox rahatdır. İstifadəçi protezi ayağına geydikdə onun kiminsə köməyinə ehtiyacı olmur, bu işi rahatlıqla özü görür. Mütəxəssislər onu da düşünüblər ki, istifadəçinin kiminsə köməyinə ehtiyacı olmasın, özü-özünü idarə edə bilsin. Başqa bir üstünlüyü odur ki, protez özü ayağın içində neqativ təzyiq yaratmaqla güdülün qan dövranını yaxşılaşdırır. Bu, sadə protezlərin yaratdığı göyərmiş yaraların sağalmasına şərait yaradır. Digər tərəfdən, bu protezləri istifadə edən şəxs rahat şəkildə tullana, qaça, velosiped sürə bilir. Yəni bir ayağın edə biləcəyi bütün funksiyaları yerinə yetirə bilər”.

İşçi qrupundan qeyd edilib ki, əsgər və zabitlər onlar üçün quraşdırılacaq protezləri ömür boyu istifadə edə biləcəklər. Lakin bəzi hallarda protezlərlə bağlı bəzi dəyişikliklərin aparılmasına ehtiyac ola bilər: “Məsələn, əgər şəxsin çəkisi artarsa və ya azalarsa, onun güdülünün ölçüsü dəyişər. Bu halda protezin soket hissəsi, eyni zamanda, protezlərin içindəki yumşaq silikon layner dəyişdirilə bilər”.

Bildirilib ki, protezlərin Azərbaycanda hazırlanması üçün onun ayrı-ayrı hissələri dünyanın qabaqcıl istehsal müəssisələrindən alınaraq ölkəyə gətirilir və burada onların quraşdırılması həyata keçirilir, eyni zamanda bütün texniki servislər göstərilir.

İşçi qrupdan əlavə edilib ki, Heydər Əliyev Fondunun həyata keçirilən bu layihəsi çərçivəsində əgər əsgər və zabitlərimizin də protezlərdəki hissələrin dəyişdirilməsinə ehtiyacı olarsa, bununla bağlı bütün xidmətlər göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti