...

Qida Təhlükəsizliyi Agentliyi bəzi çörəklərə qlüten adlı maddənin əlavə edilməsinə münasibət bildirib (ÖZƏL)

Cəmiyyət Materials 22 Yanvar 2019 11:39 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışa çıxarılan bəzi çörəklərin xəmirinin tərkibinə qlüten adlı maddənin əlavə edilməsinə münasibət bildirib.

AQTA-dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qlüten dənli bitkilərdə, xüsusilə də buğdanın tərkibində olan elastik protein qrupundan olan zülaldır. Qida məhsullarının tərkibində istifadə etmək üçün heyvan mənşəli jelatinin ən əhəmiyyətli alternativi hesab edilir. Dad, qoxu və ləzzət baxımından xoşagələn, iqtisadi baxımdan isə qənaətlidir.

Buğda, çovdar, arpa, yulaf kimi dənli bitkilərin çoxunun tərkibində olan qlüten daha çox çörək hazırlayarkən istifadə olunur.

Agentlikdən bildirilib ki, qlüten bitki mənşəli olduğundan insan orqanizminə faydalıdır. Əksər insanlarda qlüten mədə-bağırsaq tərəfindən asanlıqla mənimsənilir. Lakin bəzi insanlarda qlütenə qarşı həssaslıq müşahidə edilir. Belə insanlara çölyak xəstəliyi diaqnozu qoyulur və absorbsiya pozuntuları ilə müşayət olunur:

“Yəni qidalanarkən qəbul olunan qida elementləri bağırsaqlar tərəfindən mənimsənilmir. Nəticədə orqanizmin immun sistemi zəifləyir, bir sıra xəstəliklərin yaranmasına və xroniki hala keçməsinə səbəb olur. Bundan başqa qlütenə qarşı həssaslıq göstərən orqanizmlərdə şişkinlik, qəbizlik, inkişafdan qalma, bir sıra dəri xəstəlikləri, yorğunluq müşahidə olunur”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının bəzi marketlərində 9 manat 80 qəpiyə və 8 manat 90 qəpiyə üzərinə "qlütensiz çörəklər" satılır. Adi çörəkdən fərqlənməyən bu çörəklərin məhz qlütenə görə baha satıldığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti