Bakı. Samir Əli - Trend:
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə keçirilmiş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri müzakirə edilib.
Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdə olan məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə elan edilmiş müsabiqənin 2019-ci il fevralın 1-dən martın 15-dək davam etdiyini bildirib. Vüqar Səfərli Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirilən müsabiqəyə 54 KİV-dən 145 yazının təqdim olunduğunu, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.
Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Əvəz Rüstəmov və Rasim Həsənov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq istiqamətlərin hər biri üzrə qaliblər elan edilib, ümumilikdə 109 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.