...

Azərbaycanda keçirilən rəy sorğusunun nəticələri xalqımızın Prezidentə etibarının və inamının bariz göstəricisidir

Cəmiyyət Materials 10 Aprel 2019 21:50 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan siyasi kurs beynəlxalq aləmdə Azərbaycanın yeni imicini formalaşdırıb.

Bu gün Azərbaycan dünyada yüksək iqtisadi göstəriciləri, tolerantlıq, humanizm prinsiplərinə əsaslanan siyasi kursu və tarixi ənənələrə sadiq, milli kimliyinə, mədəni irsinə sahib çıxan ölkə kimi tanınır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət, azərbaycançılıq ideologiyası dövlət və vətəndaş birliyinin sarsılmazlığına söykənir. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bütün sahələrdə, eləcə də xalqımızın bütün təbəqələrinin yaşayışına müsbət təsir edir. Qürurla deyə bilərik ki, Azərbaycan digər dövlətlər üçün nümunədir.

Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov Trend-ə müsahibəsində deyib.

C.Xəlilov bildirib ki, Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan məkrli qüvvələrin haqsız siyasi təzyiqləri, qarayaxma cəhdlərinə məruz qalıb. Bu gün Azərbaycanın iqtisadi, sosial və hərbi qüdrəti, qətiyyətli daxili və xarici siyasəti dünya dövlətlərini və onların təmsil etdikləri qurumları açıq sözlü olmağa, həqiqəti təhrifsiz göstərməyə vadar edir. Sevindirici haldır ki, biz bütün bunları görür, günü-gündən çiçəklənən Azərbaycanımızın inkişafı üçün Prezident İlham Əliyevin ətrafında daha sıx birləşirik.

“Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın “Opinion Way” şirkətinin keçirdiyi sorğu bir daha göstərdi ki, xalqımız düzgün seçim edib. Prezident xalqın inam və etibarını qazanıb. Bu sorğunun nəticələri dövlət-vətəndaş birliyini bir daha əks etdirir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, Azərbaycan qarşısına qoyduğu bütün məsələlərin öhdəsindən layiqincə gəldiyini dəfələrlə sübut edib. Ermənistanın apardığı düşmənçilik siyasətinin qarşısında əzmlə dayanan Azərbaycan düşməni bütün sahələrdə olduğu kimi, hərb meydanında da yerində oturdub. Aprel döyüşlərində və Naxçıvan əməliyyatında qazanılan parlaq qələbə və cəbhə bölgəsində vəziyyətə tam nəzarət Orduya dövlət qayğısının əyani göstəricisidir. Bütün bunlar xalqımızda işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə qəti inam yaradır. Bütün sahələrin əsaslı inkişafı nəticəsində respublikanın sosial, iqtisadi, siyasi, hərbi, elmi, dini, ekoloji təhlükəsizliyinin təmin edilməsi isə on milyonluq Azərbaycan xalqının gələcəyinin işıqlı, parlaq olacağına əsas verir. Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri xalqımızın bu mühüm missiyanın həyata keçirilməsində öz liderinə qəti inamını və dəstəyini açıq şəkildə ifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti