...

Obyektlərin elektrik şəbəkəyə qoşulması ilə bağlı SON YENİLİKLƏR açıqlanıb

Cəmiyyət Materials 19 Aprel 2019 12:04 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Azərişıq” ASC-nin sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı həyata keçirilən islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi ilə bağlı görülən işlərə dair mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, Mərkəzin analitiki Nərmin Kazımlı bildirib ki, ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması üçün sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması istiqamətində ciddi islahatlar aparılır.

“Azərişıq” ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmətlə” İş İdarəsinin rəisi Elsevər Rüstəmli bildirib ki, “Azərişıq” ASC-də icraçı olaraq bu islahatların həyata keçirilməsi istiqamətində intensiv addımlar atır. Onun sözlərinə görə, “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən Fərmana uyğun olaraq, bir çox işlər görülüb: "Həyata keçirilən islahat təbirləri nəticəsində prosedurların sayı 7-dən 2-yə, sərf edilən müddət isə 41 gündən 20 günə endirilib. Həmçinin sahibkarlara elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərtlərin o cümlədən layihə sənədlərinin hazırlanması və göndərilməsi, həmçinin fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB), “ASAN Kommunal” mərkəzlərində elektron qaydada edilməsinə imkan yaradılıb".

Elektron müraciətlərin sayının artırılması məqsədilə Azərişıq ASC-nin elektron müraciətlərin idarə olunması sisteminin daha da təkmilləşdirildiyini və əlçatanlığın təmin edildiyini deyən E.Rüstəmli bununla məmur-vətəndaş təmasının minimuma endirildiyini bildirib: “Elektron müraciətlərin idarə olunması sisteminin üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir. Sahibkar Elektron Hökumət Portalı üzərindən elektron və ya “ASAN İmza” ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti