...

COVİD-19-a görə poliklinikanın iş saatı dəyişdiriləcək? - RƏSMİ CAVAB

Cəmiyyət Materials 7 İyul 2020 09:59 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda COVİD-19-a şübhəli olan xəstələrdən test analizlərinin artıq 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən deyil, poliklinikalar tərəfindən götürülməsinin bu tibb müəssisələrinin iş saatına necə təsir edəcəyi açıqlanıb.

COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov Trend-ə bildirib ki, vətəndaşların COVİD-19-a görə PSR testinin aparılması üçün diaqnostik müayinələri poliklinikalarda yaradılmış COVİD mərkəzlərinin əməkdaşları tərəfindən evlərdə aparılır.

Bununla yanaşı, COVİD-19 şübhəsi olan şəxslər, COVİD-19 xəstəliyini yüngül və ya simptomsuz keçirənlər müvafiq tibbi yardım, məsləhət almaqdan ötəri poliklinikaya müraciət edə bilərlər:

"Belə şəxslər gün ərzində poliklinikanın iş saatlarına uyğun olaraq, yaşadığı faktiki və ya hüquqi ərazi üzrə poliklinikalara müraciət edə bilərlər. Amma bu proseslərlə əlaqədar poliklinikaların iş saatları dəyişdirilməyəcək və o, hər zamankı kimi olacaq. Hazırda poliklinikaların iş saatlarının dəyişdirilməsinə ehtiyac da yoxdur".

N.Seyidov qeyd edib ki, poliklinikalar vasitəsilə xəstələrin vəziyyətinin təqibi telefon vasitəsilə aparılır. Poliklinika həkimləri tərəfindən iş saatlarından sonra da pasiyentlərin vəziyyətlərinin qiymətləndirilməsi üçün onlarla telefon vasitəsilə əlaqə saxlanılır:

"Lakin iş saatından sonra poliklinikaların əməkdaşları tərəfindən telefonla aparılan təqib zamanı, eləcə də xəstənin özü tərəfindən ağırlaşmanın baş verdiyi müşahidə edilərsə, "103" xidmətinə çağırış edilməli və onlardan təcili və təxirəsalınmaz yardım istənilməlidir. Belə xəstələrin müayinəsi ambulans briqadası tərəfindən aparılır. Qospitalizasiya tələb olunarsa, bu həyata keçirilir. Amma digər bütün hallarda bu təqib və müşahidə poliklinika həkimi tərəfindən aparılır".

N.Seyidov əlavə edib ki, poliklinikaların COVİD-19-la bağlı xəstələrin müayinə və müalicə prosesinə cəlb olunması xəstələrin xəstəxanaya getməsinin qarşısının alınması demək deyil. Əsas məqsəd yüngül və simptomsuz xəstələri evdə qayğı ilə təmin etmək, təcili tibbi yardım xidmətlərinin üzərinə düşən yükü azaltmaq, onların resurslarını orta ağır və ağır xəstələrə yönəltməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti