...

Məktəblərin fəaliyyətinin qiymətləndirilməsi prosesinə təhsilalanlar da cəlb ediləcək

Cəmiyyət Materials 16 Dekabr 2020 20:21 (UTC +04:00)
Məktəblərin fəaliyyətinin qiymətləndirilməsi prosesinə təhsilalanlar da cəlb ediləcək

Bakı. İlhamə İsabalayeva -Trend:

"Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın yeni redaksiyası təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı ilə bağlı bir sıra üstünlüklər yaradacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, bu sənədlə Azərbaycanın təhsil sisteminin inkişafı, beynəlmiləlləşməsi və təhsilin keyfiyyət səviyyəsinin yüksəlməsi təmin olunacaq. Beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sistemi formalaşacaq. Ali təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsi zamanı Avropa Ali Təhsil Məkanının keyfiyyət təminatı prinsiplərinin də nəzərə alınması təmin olunacaq. Bununla yanaşı, dövlət standartlarından əlavə, beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramlarının akkreditasiyası mexanizmi formalaşacaq.

Təhsil müəssisəsinin fəaliyyəti ilə yanaşı, təhsil proqramlarının icrasının qiymətləndirilməsi mexanizmi formalaşacaq. Təhsil müəssisəsinin fəaliyyətinin və ayrı-ayrı təhsil proqramlarının icrasının qiymətləndirilməsi prosesinə təhsil müəssisəsinin fəaliyyətində maraqlı tərəflərin, xüsusən də işəgötürənlərin və təhsilalanların nümayəndələri cəlb ediləcək və onlar arasında keçirilmiş rəy sorğusunun nəticələrinin qiymətləndirilmə zamanı nəzərə alınması təmin olunacaq.

"Təhsil müəssisələrinin akkreditasiyası” dövlət xidmətinin elektronlaşdırılmasına nail olunacaq. "Akkreditasiya sertifikatı “elektron sənəd formasında veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə dair hesabatlılıq yalnız yalnız akkreditasiya dövrü üzrə (hər 5 ildən bir) deyil, illik əsasda təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti