Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmi Şurasının 05 aprel 2021-ci il tarixli 15 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüş “Qarabağ tarixinin aktual problemləri” məqalələr toplusu işıq üzü görüb.
AMEA-dan Trend-ə verilən məlumata görə, təqdim edilən nəşr Azarbaycanin qədim və zəngin mədəni irsə malik olan Qarabag bolgəsinin tarixinə hasr edilib. Qarabağ tarixinin müxtəlif aspektlərdən araşdırıldığı və Azərbaycan tarixinin bir sıra aktual problemlərinə aydınlıq gətirildiyi məqalələr toplusu yeni və nəşr olunmamış arxiv sənədləri, çoxsaylı elmi-siyasi faktlarla, spesifik məlumatlarla zəngindir.
Topluda İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “44 günlük müharibədə Azərbaycan diasporunun fəaliyyəti”, elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Erməni kilsəsi”, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, dosent Ziyad Əmrahovun “Çarizmin işğal siyasətinin Azərbaycanın inzibati-ərazi quruluşunda əksi rusdilli mənbələrdə (İrəvan quberniyası nümunəsində)”, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Düşmən işğalından azad olan Qarabağ abidələri və onların bərpası metodları”, Baş elmi işçi, hüquq üzrə elmlər doktoru, dosent Zaur Məmmədovun “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların sənədlərində”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Dilarə Vahabovanın “Нагорный Карабах: вчера и сегодня в зеркале азербайджанского плаката”, elmi işçilər – Vahab Fətəliyevin “Qarabağın xrsitian məliklikləri”, Elxan Quliyevin isə “Dağlıq Qarabağ münaqişəsində ermənilər tərəfindən məhv edilmiş maddi və mənəvi mədəniyyət” mövzusunda məqalələri yer alıb.
Toplu əhatə etdiyi mövzular, siyasi gündəm, elmi-tarixi maraqlar baxımından peşəsindən, ixtisasından asılı olmayaraq Qarabağ, o cümlədən Vətən tarixi ilə maraqlanan bütün oxucular üçün uyğundur.