Bakı. Trend:
Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group bu özəl günündə qəhrəmanlarımızı unutmadı. Şirkət İkinci Dünya Müharibəsinin bir qrup veteranının gününü yaddaqalan etməyi çalışıb.
Bir qrup veteran üçün Gazelli Group şirkətinin aparıcı strukturlarından biri olan Gazelli House-da özünəməxsus tədbir təşkil edilib. Burada veteranlar onlar üçün xüsusi hazırlanmış səhər yeməyi dadmaqla yanaşı, həm də terapevtin müayinəsindən keçiblər. Gazelli House-un peşəkar həkimi onların səhhətində olan problemləri ilə maraqlanıb, məsləhətlərini verib, şirkətin Express Lab laboratoriyasında analizləri vermək üçün şərait yaradılıb.
Hərbi mahnıları ifa edən kvartetin müşaiyyəti ilə keçən tədbir çərçivəsində veteranlar həmçinin Gazelli Art House Baku qalereyasında da olublar, burada sərgilənən rəsm əsərləri ilə tanış olublar. Ən maraqlı vaxtlardan biri də veteranlar Gazelli House-un kitabxanasında keçiriblər. Burada onlara bəyəndikləri kitablar və Gazelli Group tərəfindən hədiyyələr edilib. Müasirliyi və çoxfunksionalığı ilə seçilən Gazelli House mərkəzi ilə tanş olan veteranlara SOROKA brendindən də maraqlı hədiyyələr təqdim olunub. Sonda veteranlar hərbi marşın sədaları altında insanların alqışları ilə yola salınıb. Gazelli Group şirkəti şərəfli döyüş yolu keçmiş bütün Azərbaycan veteranlarını Qələbə günü münasibəti ilə təbrik, dünyasını dəyişən igid oğullarımızın xatirəsini isə dərin ehtiramla yad edir.