Bakı. Humay Ağacanova - Trend:
İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub.
Trend-in məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.
Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb:
“Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb.”
V.Kərimov həmçinin qeyd edib ki, işğaldan əvvəl həmin ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi:
“Müharibə dövründə Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Lakin, kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır.”