Bakı. Humay Ağacanova - Trend:
Leykoz sümük iliyinin xəstəliyidir. Bu zaman sümük iliyində blast transformasiyası olur, trombositlərin və eritrositlərin sayı düşür, leykositlərin sayı kəskin artır.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə deyib.
O qeyd edib ki, onların 80 faizi limfoblast leykoz, 15-20 faizi isə mioblast leykozdur. Leykoz zamanı dəri solğunluğu, qanaxmaya meyillilik, dəridə petexiyalar, göyərmələr, damaqlardan, burundan səbəbsiz qanaxma, iki həftədən çox davam edən səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, axsama, limfoadenopatiya, nevroloji simptomlar, hepatosplenomeqaliya və s. müşahidə olunur.
"Bu zaman qanın ümumi analizi və sümük iliyinin punksiyasının təhlilindən sonra dəqiq diaqnoz qoymaq mümkündür. Leykoz sağalan xəstəlikdir. Limfoblast leykozu 80-90 faiz halda müalicə etmək olar. Mərkəzi sinir sistemi şişlərindən olan beyin şişləri baş ağrıları, başgicəllənmə, səndələmə, səbəbsiz qusma, ikigörmə simptomları ilə xarakterizə olunur. Uşaqlarda beyin sümükləri möhkəmlənmədiyindən törəmələr böyüsə də əvvəlcə simptomsuz keçir. Yalnız kəllədaxili təzyiq yuxarı olduqdan sonra əlamətlər özünü büruzə verir", - deyə o bildirib.