Bakı. Trend:
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla
müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30
yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək qoşun
növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan
Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul
komissiyalarına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının
hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar
qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq
dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin
müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim
Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab
edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı
sənədləri təqdim etməlidir:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının
sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş
2 nüsxədə);
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1
nüsxədə);
- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş
surəti (1 nüsxədə);
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1
nüsxədə);
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş
surəti (evli olduqda, 1 nüsxədə);
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada
təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə
tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2
ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm,
ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə
bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş
surəti (1 nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvanlar: Bakı şəhəri,
Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi
şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi), Qaradağ
rayonu “Puta” hərbi şəhərciyi və Kürdəmir şəhərindəki hərbi
hissə.
Müraciət etmə vaxtı: 2022-ci il fevralın 28-dən martın 19-dək hər
gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.