...

MEK-də “Vikipediya” təlimlərinə yenidən start verilib

Cəmiyyət Materials 12 Mart 2022 12:39 (UTC +04:00)
MEK-də “Vikipediya” təlimlərinə yenidən start verilib

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Vikipediya" təlimlərinə yenidən start verilib.

MEK-dən Trend-ə bildirilib ki, təlimlər Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, AMEA Mərkəzi Elmi Kitabxanasının, "Qorqud" Vikipediya Metodik Klubunun təşəbbüsü ilə keçirilir.

Açılış təliminə ilk olaraq Bakı Dövlət Universitetinin Kitabxanaçılıq- informasiya və Filologiya fakültələrinin tələbələri cəlb edilib.

Qeyd edək ki, tələbələr bu təlimləri təcrübəli vikipediyaçılar MEK-in Elektron Resurslar şöbəsinin mütəxəssisləri Nuray Tanrıverdiyeva və Səbinə Abizadədən alacaqlar. Təlim zamanı tələbələrə "Vikipediya"nın mahiyyəti izah ediləcək, onlayn ensiklopediyanın iş prinsiplərinə dair məlumatlar, istifadə qaydaları və məqalə yaratmaq kimi bacarıqlar aşılanacaq. Təlimin ilk günündə MEK-in baş direktoru, professor Məmməd Əliyev 6 ildir ki, kitabxanada ardıcıl surətdə "Vikipediya" maarifləndirici təlimlərinin təşkil edildiyini, lakin son iki ildə koronavirus epidemiyası ilə əlaqədar bu işə ara verildiyini nəzərə çatdırıb. Professor Məmməd Əliyev "Vikipediya"nın informasiya mühitində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib, yüzlərlə mütəxəssisin, müxtəlif dövlət qurumları və AMEA əməkdaşlarının, universitet tələbələrinin mütəmadi şəkildə viki-təlimlərinə cəlb ediləcəyini vurğulayıb, hər kəsə uğurlar diləyib.

Azərbaycanda "Vikipediya"nın inkişafına öz töhfəsini verən, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk çıxışında Mərkəzi Elmi Kitabxanada təlimlərə yenidən start verildiyinin sevindirici hal olduğunu qeyd edib, "Qorqud" Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı, millət vəkili Elnur Allahverdiyevin bu prosesin ölkədə sürətləndirilməsini dəstəkləyənlərdən olduğunu nəzərə çatdırıb.

Çıxışçılar "Vikipediya" üzrə mütəxəssislər, Azərbaycan dilli "Vikipediya"nın idarəçiləri "Qorqud" Vikipediya Metodik Klubunun ekspertləri Ayxan Zayıdzadə və Sübhan Xıdırzadə "Vikipediya"nın Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə təbliğ və təqdim edən əhəmiyyətli platformalardan biri olduğunu vurğulayıblar. Əsas gücün isə, ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində çağdaş dövrün informasiya texnologiyalarından yararlanmağı bacaran, səsimizi-sözümüzü xarici dillərdə çatdırmağı bilən gənclərin üzərinə düşdüyünü nəzərə çatdırıblar.

Qeyd edək ki, təlimlər 1 ay müddətində kiçik qruplar şəklində keçiriləcək. Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti