Bakı. Trend:
Bakı metropoliteninin Rusiyanın "Metrovaqonmaş" şirkətindən aldığı daha 10 yeni vaqondan ibarət iki qatar tərkibi Bakıya gətirilib.
Bu barədə Trend-ə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, artıq yeni vaqonlar Nərimanov Elektrik Deposuna daxil olub. Qatarlar saxlanma sınaq işləri aparılandan sonra xəttə buraxılacaq. Yeni gətirilən qatarların bu ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.
Bununla da Bakı metrosunda yeni qatarların sayı 23-ə, vaqonların sayı isə 115-ə çatıb.
Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən, Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalı idi.