Bakı. Trend:
Səhiyyə Nazirliyində Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə görüş keçirilib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Oheneba Lesli Akua Akyaa Opoku-Vareni Qananın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Teymur Musayev öz çıxışında Azərbaycanın Qoşulmama Hərəkatının
sədri kimi fəaliyyətini qeyd edib: “Azərbaycan Respublikasının
Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev dəfələrlə
vaksin millətçiliyini tənqid edib. Azərbaycan Prezidentinin
müraciətindən sonra bu istiqamətdə yaxşı nailiyyətlər əldə olunub.
Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində kontakt
qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı
dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcək”.
Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edən
nazir milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün
böyük potensialın olduğunu vurğulayıb. Oheneba Lesli Akua Akyaa
Opoku-Varenin səhiyyə sahəsində böyük təcrübəyə malik olduğunu qeyd
edən Teymur Musayev ölkələrimiz arasında inkişaf edəcəyinə
əminliyini ifadə edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Oheneba Lesli
Akua Akyaa Opoku-Vare Qananın Azərbaycanla münasibətlərin inkişaf
etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Qana
Prezidentinin 2019-cu ildə Azərbaycana səfərini məmnunluqla
xatırladan səfir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində
səmərəli əməkdaşlığını qeyd edib.
Görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud
vəziyyətini və potensial inkişaf imkanlarını müzakirə ediblər.