Laçın. Trend:
İyunun 22-də Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Laçın şəhərinə gəlib.
Laçın rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.
Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib.
Baş Prokuror bildirib ki, Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının nəzarətinə verilənədək Ermənistan Respublikasının aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb məhv edilmiş və istismara yararsız vəziyyətə salınıb.
Qeyd olunub ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə
dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış,
8-nə isə müxtəlif həcmli zərər vurulmuşdur. Ümumilikdə 190 inzibati
binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara
yararsız vəziyyətə salınmış, 47-nə isə müxtəlif həcmli zərər
vurulub.
Vurğulanıb ki, işğal müddətində Laçın şəhərində yerləşən,
Azərbaycan Respublikasının vətəndaşlarına məxsus 509 fərdi yaşayış
evlərində yaşamış erməni milliyətindən olan şəxslər tərəfindən
2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycan Respublikasına
təhvil verilərkən Ermənistan Respublikasının aidiyyəti dövlət
orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin
divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və
pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin
evlərə müxtəlif həcmli ziyan vurulmuş, istifadə üçün yararsız
vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də
törədilib.
Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib.