...

Üçüncü “Yüksəliş” müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirildi (FOTO)

Cəmiyyət Materials 26 İyul 2023 17:03 (UTC +04:00)
Üçüncü “Yüksəliş” müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirildi (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Üçüncü “Yüksəliş” müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.

Trend xəbər verir ki, III “Yüksəliş” müsabiqəsi qaliblərinin ADA Universitetinində mükafatlandırılma mərasimi baş tutub.

Təltifetmə mərasimi “Yüksəliş” müsabiqəsinin təsis olunmasının 4 illiyi münasibətilə iyulun 26-da keçirilib. Tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqə sinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev çıxışı zamanı bildirib ki, qaliblərin 18 nəfəri kişi, 4 nəfəri isə qadındır.

“Qaliblərdən 9 nəfər regiondan, 13 nəfər isə Bakıdan olub. Qaliblərdən 1 nəfər bakalvr təhsilini xarici ölkədə alıb. Digər qaliblərin universitetlərə qəbul balları isə belə olub. 3 nəfər 301-400 bal, 4 nəfər 401-500, 4 nəfər 501-600, 10 nəfər 601-700 bal toplayanlar olublar”.

Müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva bildirib ki, növbəti "Yüksəliş" müsabiqələrində yeniliklər etmək lazımdır.

“Buna görə əvvəlki qaliblərdən xahiş edirik, onlar da öz fikir və təkliflərini komandamıza bildirsinlər. İndiyəcən 71 qalibimiz var. Ən çox qalib birinci "Yüksəliş" müsabiqəsində olub. Bu müsabiqənin ən qiymətli cəhəti ədalətli olmasıdır. Cəmiyyətdə bu müsabiqə ilə bağlı neqativ reaksiya almamışıq. Maraqlıdır ki, təkrar iştirak edənlərin sayı 6 mindən çox olub. Müsabiqədə təkrar iştirak edərək növbəti cəhdlərdən qalib olanlar da az deyil”.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, üç ildir davam edən bu proses özü ilə bərabər yeniliklər də gətirir. O qaliblərə müraciətində bildirib ki, hər kəs taleyini özü yazır və bu gün müsabiqəyə qatılan insanlar istəyini bacarığa çevirə bilən, sərbəst seçim etməyi bacaran insanlardırlar.

“Bəlkə də bu qalibliyin nəticəsini bu gün, sabah hiss etməyəcəksiniz, amma bir müddət sonra, həyatınızın başqa bir mərhələsində bu seçiminizin və iştirakınızın növbəti uğurlar üçün bünövrə olduğunun fərqinə varacaqsınız”.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib ki, “Yüksəliş” müsabiqəsinin ərsəyə gəlməsində maraqlı olan şəxslərdən biri də məhz iqtisadiyyat naziri Mikayıl Cabbarov olub. Nazir müavini çıxışı zamanı qeyd edib ki, müsabiqənin tələbləri kifayət qədər çoxdur və bilik, bacarıqlarla yanaşı vətəninə, millətinə sadiqlik öncül tələblərdəndirz

“Qaliblərin siyahısına baxdım, əksəriyyət yaxşı vəzifələrdə çalışanlardırlar. Biz bilirik ki, cənab Prezident İlham Əliyev də gənc kadrların önə çəkilməsinin daim önəmini vurğulayır. Qeyd etmək istədiyim bir məqam da odur ki, biz çox zaman görürük ki, kadrların nəzəri biliklərinin kifayət qədər olması bəs etmir. Ona görə qaliblərimizi təbrik edərək onlara praktikada da uğurlu və nailiyyətli olmağı diləyirəm”.

Təşkilat Komitəsinin sədri, Komitənin üzvləri, müsabiqənin İşçi qrupunun rəhbəri, o cümlədən tədbirin xüsusi qonaqları çıxışlarında qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Onlar müsabiqənin uğurlu təşkili barədə danışıb, üçüncü dəfə baş tutan “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.

Üçüncü “Yüksəliş” müsabiqəsinin 22 qalibi Təşkilat Komitəsinin sədri, Komitənin üzvləri, müsabiqənin İşçi qrupunun rəhbəri, o cümlədən tədbirin xüsusi qonaqları tərəfindən diplomla təltif ediliblər.

Qeyd edilib ki, “Yüksəliş” müsabiqəsinin 22 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti