Bakı. Trend:
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası şəhidin nəşinin 31 il sonra tapılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
Komissiyadan Trend-ə verilən məlumata görə, I Qarabağ müharibəsində itkin düşdüyü bildirilən şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədinin 31 ildən sonra tapılması və ekshumasiya edilməsinə dair kütləvi informasiya vasitələrində yayılmış məlumatla bağlı tərəfimizdən araşdırma aparılıb.
Məlum olub ki, Həsənov Rəhman Əhliman oğlu 1992-ci ildə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşdə qəhrəmancasına həlak olmuş və nəşi elə həmin vaxt döyüş bölgəsindən götürülərək Laçın rayonu, Suarası kəndində dəfn edildiyi üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmayıb. Bu günlərdə onun məzarının ətrafında yaxınları tərəfindən təmizlik və abadlıq işləri aparılıb.
Qeyd edək ki, məsələ ilə bağlı Baş Prokurorluq Trend-in sorğusuna cavabında bu məlumatın əsassız olduğunu bildirib.