...

Avropalılar bu il Azərbaycana niyə çox gəlir? – AÇIQLAMA

Cəmiyyət Materials 28 Avqust 2023 18:17 (UTC +04:00)
Avropalılar bu il Azərbaycana niyə çox gəlir? – AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycana gələn turistlərin sayı təqribən 40%-ə qədər artıb. Xüsusilə Avropadan gələnlərin sayı artıb. Bu da ucuz hava daşıyıcılarının və onların coğrafiyasının genişlənməsi, eyni zamanda, müəyyən karantin məhdudiyyətlərinin aradan qaldırılması nəticəsində mümkün olub.

Bunu Trend-ə turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.

O qeyd edib ki, qiymətlər əvvəlki illərlə müqayisədə, demək olar ki, artmayıb.

“Bu il daxili turizmdə o qədər də təzyiq olmayıb. Çünki Azərbaycan vətəndaşları xarici ölkələrdə istirahətə daha çox gedib. Əgər ötən il 1.5 milyon Azərbaycan vətəndaşı xaricə səfər etmişdisə, bu il, böyük ehtimalla, o rəqəmdən ən azı iki dəfə çox olacaq. Yəni ötən il daxili bazara yönələn vətəndşlarımızın bir qismi bu il istirahət üçün xaricə gedirlər.

Vətəndaşların əksəriyyəti Türkiyəyə, Avropaya gedir. Çünki həm ucuz hava daşıyıcıların artması, həm də Avropada karantin məhdudiyyətlərinin yumşaldılması vətəndaşlara səfər etməyə imkan verir”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 32,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 7,4 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Qazaxıstan, 2,3 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla, İsrail və Ukrayna, 1,4 faizi Belarus, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,5 faizini kişilər, 29,5 faizini qadınlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti