...

Daha bir aşağıbüdcəli aviaşirkət Azərbaycana uçuşlara başlayır

Cəmiyyət Materials 6 Sentyabr 2023 11:20 (UTC +04:00)
Daha bir aşağıbüdcəli aviaşirkət Azərbaycana uçuşlara başlayır

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə bu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo” kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub.

Trend xəbər verir ki, Dövlət Mülki Aviasiya Agentliyinin bu istiqamətdə gördüyü işlər nəticəsində müvafiq xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 16-ya çatdırılaraq, onların sırasına Gürcüstanın “Georgia Wings” aviadaşıyıcısı da əlavə olunacaq.

Bununla da Bakıdan uçuşlar yerinə yetirilən populyar istiqamətlərdə yalnız bir aviaşirkətin xidmət göstərdiyi marşrut qalmayacaq.

Gürcüstan aviadaşıyıcısının Tbilisi-Bakı marşrutu üzrə ilk reysi sentyabrın 6-da olacaq. Aviaşirkət 72 nəfər üçün nəzərdə tutulmuş ATR72-500 təyyarəsi ilə Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə 3 dəfə olmaqla (çərşənbə, cümə və bazar günləri) müntəzəm uçuşlar yerinə yetirəcək.

Qeyd edək ki, yaxın zamanda “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşlar həyata keçirilməyə başlayacaq. Bu da büdcəli səyahətlər üçün yeni perspektivlərin açılmasını və ölkəmizin daha da əlçatan və cəlbedici turizm məkanına çevirilməsi istiqamətində işlərin fəal şəkildə davam etdiyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti