Bakı. Trend:
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən sentyabrın 29-da “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilir.
Trend-in məlumatına görə, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, o cümlədən, ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələri iştirak edir.
Konfransda öncə Azərbaycanı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanıtmaq məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış” mövzusunda qısametrajlı film nümayiş olunur.