Bakı. Trend:
Əslində, şəxsən mən 5 il ərzində məqalə yazmayan adama alim deyə bilmirəm.
Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Kimsə özünü elm adamı kimi təqdim edəndə, birinci onun yazdıqlarına baxıram. Əgər kimsə 5 il ərzində heç nə yazmayıbsa, mən ona alim deyə bilmirəm. Alim olmaq ortaya məqalə qoya bilmək və başqalarının da bu məqalədən faydalana bilməsi deməkdir”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda yaxşı tədqiqat forması yaratmaq istəyiriksə, doktrantura proqramlarımıza yenidən baxılmalıdır:
“Hər hansı yeni tədqiqat təlimi aparmırlar, sadəcə bir mövzu götürüb onu da yazırlar. Tədqiqat işini aparmaq, öz sahəsinin mövzularını öyrənmək üçün ən azı 2-3 il geniş hazırlıq görülməlidir deyə düşünürəm. Bizdə doktrantura proqramları zəifdir. Düşünürəm ki, ölkəmizdə doktranturada alətlərlə bağlı məhdudiyyətlər olur. Doktrantura ali təhsil səviyəsinin növbəti pilləsidir”.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, həmçinin, digər dövlət rəsmiləri, millət vəkilləri iştirak edib.