Bakı. Trend:
19 iyul tarixində “Bakı Ekspo Mərkəzi”ndə dördüncü “Yüksəliş”
müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi baş tutdu.
Böyük marağa səbəb olan açılış mərasimində:
- Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Fərəh Əliyeva;
- İqtisadiyyat naziri Mikayıl Cabbarov;
- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev;
- Gənclər və idman naziri Fərid Qayıbov;
- Elm və təhsil naziri Emin Əmrullayev;
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova;
- Qarabağ Universitetinin rektoru Şahin Bayramov;
- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva;
- qaliblər, media nümayəndələri və finalçılar iştirak ediblər.
Tədbir gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri
Fərhad Hacıyevin açılış nitqi ilə başlayıb. Fərhad Hacıyev bildirib
ki, builki müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərlə
müqayisədə əhəmiyyətli dərəcədə artıb. Müsabiqəyə qatılan
namizədlərin əksəriyyəti yeni nəsil idarəçiləridir ki, bu da
ölkənin insan kapitalının inkişafı üçün mühüm göstəricidir. O,
final mərhələsinə çatmağın böyük bir uğur olduğunu xatırladaraq
finalçıları bir daha təbrik edib və çıxış üçün sözü digər qonaqlara
ötürüb.
Qonaqlar isə öz növbələrində dördüncü dəfə keçirilən “Yüksəliş”
müsabiqəsinin əhəmiyyətindən və potensiallı kadrlar üçün yaratdığı
fürsətlərdən danışıblar. “Yüksəliş”in gənclərin inkişafında və
liderlik bacarıqlarının artırılmasında mühüm rol oynadığını
vurğulayıblar. Onlar gənclərin potensiallarından tam faydalanmaqda
dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd
ediblər.
Xatırladaq ki, 118 nəfərin mübarizə aparacağı final mərhələsi 3 gün
davam edəcək və 21 iyulda yekunlaşacaq. Ötən illərdən fərqli olaraq
bu il finalda iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar
modeli” üzrə qiymətləndiriləcəklər.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.