Bakı. Trend:
UNEC-in Elmi Şurasının qərarı ilə universitetdə 2 yeni tədqiqat mərkəzi yaradılıb.
Yeni yaradılmış Marketinq, İstehlakçı Davranışı və Brendinq Tədqiqat Mərkəzində marketinq strategiyalarının inkişafı və tətbiqi sahəsində müasir metodların öyrənilməsi və təkmilləşdirilməsi, istehlakçı davranışının araşdırılması, gələcək bazar tendensiyalarını və istehlakçı davranışlarını proqnozlaşdırmaq üçün statistik və analitik modellərin hazırlanması və tətbiqi, brendlərin bazar performansının ölçülməsi və qiymətləndirilməsi, brend strategiyalarının hazırlanması, brendin bazardakı mövqeyinin gücləndirilməsi və digər istiqamətlərdə tədqiqatların aparılması nəzərdə tutulub.
İqlim Dəyişiklikləri və İstixana Qazlarının İdarəedilməsi Tədqiqat Mərkəzi adlanan digər mərkəzdə isə iqlim dəyişikliyinin səbəbləri və təsirlərinin elmi şəkildə araşdırılması, bu dəyişikliklərin ekosistemə, insan sağlamlığına, iqtisadiyyat və sosial strukturlara təsiri, eləcə də istixana qazlarının emissiya səviyyələrinin ölçülməsi və qiymətləndirilməsi, qazların emissiyalarını azaltmaq üçün effektiv strategiyaların hazırlanması və innovativ texnologiyaların tətbiqi ilə qlobal iqlim mübarizəsinə töhfə vermək istiqamətində dərin elmi araşdırmalar aparılacaq.
Qeyd edək ki, yeni yaradılmış mərkəzlərlə birlikdə müxtəlif istiqamətlər üzrə UNEC-də fəaliyyət göstərən tədqiqat mərkəzlərinin sayı 46 oldu.