Bakı. Trend:
Abşeron rayonu, Novxanı kəndində şahmat ustası Vüqar Həşimovun ailəsinin evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər (Vüqar Həşimovun valideyinləri) sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
TƏBİB-dən Trend-ə bildirilib ki, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə 03.12.2024-cü il tarixində saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.