Bakı. Trend:
Abşeron və Nəsimi rayonlarında quldurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunun və pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 21 yaşlı Ə.Əlvəndov müəyyən olunaraq saxlanılıb.
Əlavə olaraq, Nəsimi rayonu ərazisində də analoji hadisə baş verib. Rayon ərazisində yerləşən kafelərin birində naməlum şəxslər bir nəfəri kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçiriblər. Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 42 yaşlı Q.Hüseynov və 31 yaşlı P.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.