Bakı. Trend:
Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Mart ayının 21-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 naməlum şəxs müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb, Abşeron rayonu, Saray qəsəbə sakinləri – 2000-ci il təvəllüdlü Qurbanov İlqar Nuhbala oğlu və 1985-ci il təvəllüdlü Məhərrəmov Nemət Mollağa oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran İslam Respublikası ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.