Bakı. Trend:
Mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə bəzi cərimələr aradan qaldırılır.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, "Kredit büroları haqqında" Qanunun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən "Kredit büroları haqqında" Qanunun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsində sözügedən cərimənin ləğv edilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.