...

Bu qədər şagirdin qiymətində düzəliş edilib - Apellyasiya Komissiyasının NƏTİCƏLƏRİ

Cəmiyyət Materials 21 May 2025 15:08 (UTC +04:00)
Bu qədər şagirdin qiymətində düzəliş edilib - Apellyasiya Komissiyasının NƏTİCƏLƏRİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2 və 9 mart tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı Apellyasiya Komissiyasının məlumatı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, ilk növbədə aşağıdakı cədvəldə son 3 ildə imtahan nəticələri ilə bağlı apellyasiya üçün müraciət edənlərin sayı və bu sayların bütün iştirakçıların sayı üzrə faizi təqdim edilib.

İl

İmtahanda iştirakçı sayı

Ərizə sayı

Ərizələrin nisbi sayı (%)

2023

97761

9073

9,28

2024

100864

10492

10,40

2025

115273

10980

9,53

Göründüyü kimi, cari ildə apellyasiya üçün edilən müraciətlərin sayı ilə bağlı faiz göstəricisi əvvəlki illərlə müqayisədə çox deyil. Başqa sözlə, cari ildə yalnız say baxımından görünən cüzi artım əslində imtahan iştirakçılarının ümumi sayının ötən illə müqayisədə çox olması ilə bağlıdır. Ərizələrin nisbi sayında isə əksinə nisbətən azalma var. Bundan əlavə, çox təəssüf ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində ümumilikdə müraciət sayları iştirakçıların şikayəti kimi təqdim edilir. Halbuki real mənzərə fərqlidir və aşağıdakı rəqəmlərdə də bunun şahidi olmaq mümkündür.

2 və 9 mart 2025-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10980 şagird 31982 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

Ərizə sayı

O cümlədən boş yazı işi sayı

O cümlədən tam bal almış iş sayı

10980

340

532

Göründüyü kimi, müraciətlərin 340-ı boş yazı işi (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 532-si isə tam bal ilə qiymətləndirilmiş işlərə (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) aid olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb. Şagirdlər artıq elektron apellyasiya ərizələrinə (apelyasiya.dim.gov.az) daxil olaraq komissiyasının qərarları ilə tanış ola bilərlər. Qeyd edək ki, apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat da göndərilib.

İmtahanlarda yerinə yetirilmiş yazı işi sayı

2,7 milyondan çox

Düzəliş edilmiş yazı iş sayı

2129 (0,08%)

O cümlədən yerdəyişmə halları ilə bağlı

553

O cümlədən xəttin çətin oxunması halları ilə bağlı

9

O cümlədən çərçivədən kənara çıxma halları ilə bağlı

5

O cümlədən qiyməti azaldılmış iş sayı

30

Apellyasiya komissiyası tərəfindən imtahanda iştirak edən 115273 şagirdin 1824-nün qiymətində düzəliş edilib. Bu, imtahan iştirakçılarının 1.58%-ni təşkil edir. Düzəliş edilən yazı işlərinin sayı isə 2129-dur. Bu isə hər iki imtahan üzrə birlikdə bütün yazı işlərinin cəmi 0,08%-ni təşkil edir. Bu rəqəmlər kütləvi imtahanlar üçün adi qəbul olunan statistik göstəricilərdir.

Qeyd edək ki, şagirdlər imtahanlarda 2,7 milyondan çox yazı işi yerinə yetiriblər. Bundan əlavə, 2129 düzəlişdən 553-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 9-u şagirdin xəttinin çətin oxunması, 5‑i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. 30 halda (2 mart imtahanı üzrə 22, 9 mart imtahanı üzrə 8) yazı işinə verilən bal ekspertlərin rəyi ilə endirilib.

Dəyişiklik edilən işlərlə bağlı müvafiq düzəlişlər 26-27 may 2025-ci il tarixlərində şagirdlərin imtahan nəticələri səhifəsində verilən yekun ballarında öz əksini tapacaq.

Xarici dil fənləri üzrə xəttin oxunmasında ciddi çətinlik olan yazı işləri ilə bağlı müraciətlər çoxluq təşkil edir. Belə müraciətlərdən yalnız dəqiq oxunma mümkün olan hallarda düzəliş edilib. Oxunması mümkün olmayan işlərlə bağlı hər hansı düzəliş edilməyib.

Tədris dili fənləri (Azərbaycan dili və rus dili) üzrə mətnə aid tapşırıqlar cavablandırılarkən mətnə heç bir aidiyyatı olmayan məlumatların yazıldığı işlərlə bağlı müraciətlər çoxluq təşkil edir. Tapşırığın tələbi yerinə yetirilmədiyi üçün belə yazı işlərində düzəliş edilməyib.

Riyaziyyat fənni üzrə yalnız cavab yazıldığı və həll prosesinin ümumiyyətlə olmadığı və ya həllin yalnız son mərhələsinin yazıldığı və digər mərhələlərinin yazılmadığı hallara aid müraciətlər çoxdur. Əvvəlcədən məlum olduğu kimi, yazı işi tapşırıqlarında həllin bütün mərhələlərinin yazılması tələb olunduğu üçün bu tip yazı işlərində də düzəliş edilməyib.

Qeyd edək ki, bir çox müraciətçilər nəticə elan edildikdən sonra onların elektron səhifələrinə yerləşdirilən yazı işləri, qiymətləndirmə meyarları və hər tapşırıq üzrə aldıqları ballarla tanış olmadan kütləvi şəkildə birbaşa apellyasiya üçün müraciət ediblər.

Şagirdlərin nəzərinə çatdırırıq ki, apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılıb:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılıb;
  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilib;
  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilib.

Şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti