Bakı. Trend:
"Yüksəliş" müsabiqəsinin əyani mərhələsi çərçivəsində keçirilən İdarəetmə bacarıqları imtahanında iştirak etmiş 1446 nəfərdən 330-u yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Trend xəbər verir ki, yarımfinala keçən iştirakçılardan 246-sı kişi, 84-ü isə qadındır. Nəticələrə əsasən, keçid balı 555 T-bal səviyyəsində müəyyən edilib.
Yarımfinal mərhələsi 4-6 iyul tarixlərində keçiriləcək. Daha sonra, 18-20 iyul tarixlərində baş tutacaq final mərhələsi ilə sayca beşinci “Yüksəliş” müsabiqəsinə yekun vurulacaq.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Beşinci müsabiqənin keçirilməsi ilə bağlı dövlət başçısı tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Müsabiqənin qalibləri bir il müddətinə mentorluq dəstəyi və 20 min manat məbləğində mükafatla təmin olunurlar.