Bakı. Trend:
Media nümayəndələri Prezidentin izi ilə Qarabağa təşkil edilən səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunda olub.
Trend xəbər verir ki, təşkil edilən səfər çərçivəsində jurnalistlərə Qarabağ Universitetinin Klinikasının rəhbəri, Tibb vəu sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev yaradılan şərait barədə məlumat verərək bildirib ki, yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq.
Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanlar veriləcək. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı
Fərmana əsasən yaradılıb. Klinikanın binasında 23 həkim otağı,
laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans
tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları
fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsil ocağında tibb
sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb. Klinika Qarabağ
Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar
kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlar
aparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında
mühüm rol oynayacaq. Burada, eyni zamanda, tədris, tədqiqat və
tibbi xidmət fəaliyyəti həyata keçiriləcək.
Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və
sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün
çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması
istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən,
klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ
Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin
artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini
verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali
təhsil ocağına marağını artıracaq.