...

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin görüşü keçirilib

Cəmiyyət Materials 11 Dekabr 2025 15:53 (UTC +04:00)

Bakı. Trend:

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin builki növbəti görüşü noyabrın 26-sı baş tutub.

Onlayn formatda keçirilən görüşdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri, həmçinin ADA Universitetinin prorektor, dekan və professoları, və Corc Vaşinqton Universitetinin professor heyəti iştirak ediblər.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri Turan Topalova cari proqram yenilikləri və qarşıda duran məsələlərdən bəhs ediblər.

Corc Vaşinqton Universitetinin Kompüter elmləri kafedrasının sədri Rebeka Ha, Elektrik və kompüter mühəndisliyi kafedrasının sədri Tarik Əl-Qazavi, eyni kafedranın sədr müavini Can Korman proqramlara yeni tələbələrin cəlb olunması və universitetlər arasında müəllim işçi heyətinin mübadiləsi imkanlarını müzakirə ediblər.

Tərəflər 2026-cı ildən yeni kurikulumun tətbiqi, doktorantura pilləsinə tələbə qəbulu, professor/müəllim heyətinin ixtisasartırması, ABŞ-yə səfərlərin planlaşdırılması kimi məsələlərə də toxunublar. Həmçinin, görüş zamanı Kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar üzrə magistr proqramının növbəti illərdə dövlət proqramı çərçivəsində maliyyələşdirilməsinin perspektivləri müzakirə ediilib.

İkili diplom proqramı tələbələrinin akademik nailiyyətlərinin müqayisəsini və analizini aparan Rəhbər Komitə üzvləri bildiriblər ki, gənclərin məzun olduqdan sonra ölkəmizdə peşəkar fəaliyyətlə məşğul olmaları Kompüter elmləri, Data analitikası, eləcə də Elektrik və elektroenergetika mühəndisliyi üzrə daha çox kadrların yetişməsinə səbəb olacaq.

Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində Kompüter Elmləri və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir. “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə “2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbul edilən 117 tələbədən 103-ü artıq təhsil müddətini tamamlayaraq məzun olub. Bu proqramlar vasitəsilə formalaşan uğurlu təcrübəyə əsaslanaraq ADA Universiteti müəllim heyətinin inkişafı üçün Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində ilk doktorantura proqramına da start verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti