Bakı. Trend:
ADA Universitetinin yeni yaradılmış Dizayn və memarlıq fakültəsi elmi və praktiki bilik mübadiləsini gücləndirmək, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF 13) ərəfəsində intellektual müzakirələrə zəmin yaratmaq məqsədilə Azərbaycan Şəhərsalma Maarifləndirmə Kampaniyası çərçivəsində silsilə seminarlar təşkil edib.
Fakültənin professorları Anhel Ampuero Kordero, Ermes Invernizzi, Melania Visentini və Dina Yovanoviç Lombardonun təqdim etdiyi mühazirələr memarlıq məkanlarının insanlarla yaratdığı ünsiyyət, kollektiv yaddaş və milli kimliklə əlaqəsi, yeni texnologiyaların mədəni irsin qorunması və idarə edilməsində rolu, məkan tərtibatında istifadəçilərin iştirakı kimi mövzuları araşdırmaq üçün akademik və peşəkar auditoriyanı bir araya gətirib.
Seminarlar həmçinin müasir iş mühitlərinin formalaşdırılmasında istifadəçi-yönümlü və iştirakçı dizayn yanaşmalarının tətbiqi, eləcə də yeni texnologiyaların mədəni irsin qorunması və idarə edilməsində rolu kimi mövzulara fokuslanıb. Bu müzakirələr Azərbaycanda dizayn və memarlıq sahəsində multidissiplinar yanaşmaların tətbiqini təşviq etməklə beynəlxalq təcrübə ilə yerli kontekst arasında konstruktiv dialoqu gücləndirib.
Fakültə beynəlxalq akademik və yaradıcılıq şəbəkələri ilə əməkdaşlığı da genişləndirmək istiqamətində çalışır. Kanadanın Manitoba Universitetinin professoru Tijen Roşko qonaq spiker qismində çıxış edərək innovativ və dayanıqlı dizayn yanaşmaları, akademiya ilə yaradıcı sənaye arasındakı əlaqə barəsində danışmışhəmçinin beynəlxalq yaradıcı platformalardakı peşəkar təcrübəsini gənc dizayner və tələbələrlə bölüşmuşdür.
ADA Universitetinin Dizayn və memarlıq fakültəsi Azərbaycanda innovativ, inklüziv və qlobal baxışa əsaslanan dizayn və memarlıq təhsilinin inkişafına dəstək vermək məqsədi ilə 2026-cı ildə sözügedən seminar silsiləsini davam etdirəcəkdir.