Bakı. Trend:
Mənfi təsirlər Azərbaycan cəmiyyətinə xas olmayan qeyri-ənənəvi cinsi maraqların təbliğinə, xüsusilə yeniyetmə qızlarının öz bədən hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə həvəsləndirir. Bunu sosial normaya, cəsarətli davranışa hətta müstəqil və azad seçim tərzi kimi yalnış təsəvvürlərin formalaşdırılmasına gətirib çıxarır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu cür hallar Azərbaycan cəmiyyətinə xas deyil, ümumilikdə milli-mənəvi dəyərlər və mədəni kodlar üçün ciddi, struktur xarakterli təhlükə yaradır.
“Milli Məclis olaraq bu məsələnin fərqli formatda daha geniş müzakirə etməli, Avstraliya, Danimarka, Yeni Zenlandiya, Norveç kimi ölkələrin təcrübəsində istifadə edərək 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasını məhdudlaşdırmalıyıq.
Ölkəmizdə internet istifadəçilərinin əksəriyyətinin 24 yaşdan aşağı olması, xüsusən də 10-12 yaşlı uşaqların sosial şəbəkələrə asanlıqla çıxış imkanlarının genişlənməsi və valideyn nəzarətinin zəifliyi, iradəsizliyi və ya şəxsi komfortu üçün bu təhlükəni böyük bir riskə çevirir.
Biz hələ bu məsələnin milli ideologiya çərçivəsində yaratdığı riskləri danışmırıq. Xahiş edirəm ki, müvafiq komitələrin və dövlət qurumlarının iştirakı ilə ictimai müzakirənin keçirilməsi və yekunda hesabatın qəbul edilməsi məsələsinə baxılsın”, - deyə o qeyd edib.
