Bakı. Trend:
Mineral gübrələrlə yanaşı, kənd təsərrüfatı sahəsində istifadə olunan orqanomineral (özündə həm üzvi, həm də mineral tərkib hissələrini birləşdirən) gübrələrin də idxalı və satışı ƏDV-dən azad ediləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Bildirilib ki, hazırda yalnız mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə əlçatanlığının artırılması, tullantı kimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi, torpaq resurslarının dayanıqlı istifadəsi, habelə ekoloji kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə mineral gübrələrlə yanaşı orqanomineral gübrələrin də idxalı və satışı ƏDV-dən azad edilir.
Dəyişiklik nəticəsində orqanomineral (üzvi, üzvimineral) gübrələrin qiymətinin aşağı düşməsi, beləliklə kənd təsərrüfatı məhsullarının maya dəyərinin azalması, məhsuldarlığın yüksəlməsi proqnozlaşdırılır.
