Bakı. Trend:
Prezident İlham Əliyevin ötən ilin noyabrında yeni təyin etdiyi icra başçılarını qəbul edərkən, daha sonra ilin yekunları ilə bağlı yerli televiziyalara açıqlama verərkən dövlət qulluğu ilə bağlı səsləndirdiyi fikirlər dövlət idarəçiliyinin prinsiplərini açıq formada bir daha bəyan edir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, vəzifə imtiyaz deyil, məsuliyyətdir:
“Vəzifəli şəxslər vətəndaşların yanında olmalı, onların problemlərini həll etməlidirlər. Hər şeyi mərkəzdən gözləməməli, kiminsə qanunsuz tapşırıqlarını icra etməməlidirlər. Heç kimin sığortası yoxdur. Vəzifəsinin öhdəsindən gələ bilməyəni nə keçmiş xidmətləri, nə də heç kim xilas edə bilməyəcək. Korrupsiya cinayəti isə həm də dövlətə xəyanət kimi qiymətləndirilir”.
Deputatın sözlərinə görə fəxrlə demək olar ki, bu gün dövlət qulluğunda peşəkar, intellektual, vətənpərvər və mənəvi cəhətdən təmiz kadr bazası formalaşmaqdadır:
“Bunu şərtləndirən əsas institusional mexanizmlər – ali təhsil müəssisələrinə qəbulun şəffaflığı və dövlət qulluğuna qəbulun obyektiv meyarlar əsasında olmasıdır. Bu təcrübənin əsasında həyata keçirdiyimiz siyasətin davamı olaraq təklif edirəm ki, dövlət orqanlarında elə bir institusional sistem formalaşdırılsın ki, bir dövlət orqanının ən ucqar kənddə, ən aşağı vəzifədə çalışan əməkdaşı biliyinə, bacarığına və fəaliyyətində göstərdiyi nailiyyətlərə görə mərkəzi aparatın ən yüksək pillələrinə qədər ucala bilsin.
Bəzi dövlət qurumlarında, xüsusilə publik hüquqi şəxslərdə bu cür daxili insan resurslarının idarə edilməsi mexanizmi var, ancaq bu, dövlət orqanlarında institusional formada deyil. Yəni, misal üçün, Gədəbəydə dövlət qulluğuna başlayan gənc hiss etməlidir ki, yaxşı işləsə, bir neçə ilə Bakıda mərkəzi aparatda və ümumilikdə yüksək vəzifəyə təyin edilə bilər. Biz bunun qanunvericilik əsaslarını təkmilləşdirməli, bu sistemi institusionallaşdırmalıyıq. Bu yanaşma dövlətçilik yaddaşının, peşəkar özəyin qorunmasına xidmət edəcək”.
