Bakı.Trend:
Cari il 8-10 aprel tarixlərində, Keniyanın paytaxtı Nayrobi şəhərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) hazırlıqla bağlı Keniyadakı diplomatik korpusu məlumatlandırmaq məqsədi ilə Keniya Hökuməti tərəfindən brifinq təşkil olunub.
Azərbaycanın Keniyadakı Səfirliyindən Trend-ə bildirilib ki, tədbirdə Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri xanım Alis Vahome, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəhbərliyi, Keniya Xarici və Diaspora İşləri Nazirliyinin yüksək vəzifəli rəsmiləri və 40-dan çox dövlətin səfiri iştirak edib.
Nazir Alis Vahome çıxışında ölkəsinin Afrika İttifaqı və UN-Habitatla birgə təşkil etdiyi AUF2-nin qlobal və regional əhəmiyyəti, aidiyyəti digər beynəlxalq platformalarla mahiyyət baxımından yaxınlığı barədə fikirlər söyləyərkən, WUF13 Zirvə Toplantısında Afrika ölkələrinin sahə üzrə fikir həmrəyliyinin formalaşdırılması üçün üzv ölkələrin AUF2-də iştirakının əhəmiyyətini vurğulayıb və Azərbaycanın təşəbbüsü ilə WUF13 çərçivəsində belə bir ali toplantının keçirilməsini yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev WUF13-ə ev sahibi ölkəsinin AUF2 platformasında Afrika ölkələri ilə əməkdaşlığa maraqlı olduğunu, Azərbaycanın iqlimə dayanıqlı şəhərsalma və əlçatan mənzil sahəsində qlobal töhfələri, post-münaqişə dövründə bərpa və yenidənqurma, habelə humanitar mina təmizləmə sahəsində qazandığı geniş təcrübəni maraqlı tərəflərlə paylaşmaq imkanlarını dilə gətirib. O, WUF13-ə hazırlıq işləri barədə qısa məlumat verib və Zirvə Toplantısında Afrika ölkələrinin mütəşəkkil və səmərəli iştirakının qitə üçün əhəmiyyətli olacağını vurğulayıb. Həmçinin, COP29 və daha öncəsindəki bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanın WUF13-ün də yüksək səviyyədə keçirilməsi üçün ciddi tədbirlər gördüyünü söyləyib.
