...

ADA Universiteti və ADA Universiteti Fondu 12-ci Bahar Gənclik Festivalını təşkil edib (FOTO)

Cəmiyyət Materials 17 Mart 2026 14:04 (UTC +04:00)
ADA Universiteti və ADA Universiteti Fondu 12-ci Bahar Gənclik Festivalını təşkil edib (FOTO)

Bakı.Trend:

ADA Universiteti və ADA Universiteti Fondu “Coca-Cola Azərbaycan” şirkəti ilə tərəfdaşlıq çərçivəsində 12-ci Bahar Gənclik Festivalını təşkil edib.

ADA Universitetinin kampusunda ənənəvi olaraq keçirilən festival musiqi, milli ənənələr və Novruz bayramının sevinc dolu ab-havası ilə tələbələri, professor-müəllim heyətini və tərəfdaş qurumların nümayəndələrini bir araya gətirib.

Tədbirin məqsədi Novruzun gəlişini qeyd etmək, milli dəyərləri yaşatmaq və yerli və xarici tələbələr arasında bayram əhvali-ruhiyyəsini bölüşmək olub. Proqram çərçivəsində tələbələrin çıxışları, milli rəqslər, eləcə də Novruzun ənənəvi rəmzlərindən olan tonqal kampus boyunca canlı və bayram ab-havalı bir mühit yaradıb.

Festivalın açılışında çıxış edən ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev Bahar Gənclik Festivalının ADA icmasını bir araya gətirən və milli dəyərləri yaşadan mühüm ənənəyə çevrildiyini vurğulayıb. O, iştirakçıları bayram münasibətilə təbrik edərək, davamlı əməkdaşlığa görə “Coca-Cola Azərbaycan” şirkətinə təşəkkürünü bildirib.

“Coca-Cola” şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev çıxış edərək Novruz bayramının yaratdığı sevinc hissini hər il böyük məmnuniyyətlə paylaşdıqlarını bildirib. O, bu festival vasitəsilə xalqımızın zəngin mədəni irsinin və Novruz ənənələrinin yaşadılmasına töhfə verməkdən qürur duyduqlarını vurğulayaraq tələbələri Novruz bayramı münasibətilə təbrik edib.

Proqram gənclərin müasir mədəniyyəti ilə Azərbaycan ənənələrini bir araya gətirən rəngarəng çıxışlarla yadda qalıb. Festivalın ən yaddaqalan məqamlarından biri Sanremo Festivalının laureatı, gənc müğənni Camal Qasımovun enerjili çıxışı olub.

Qonaqlar həmçinin Azərbaycan xalq və müasir musiqisinin nümunələrini təqdim edən “NAZ” Qızlar Ansamblının canlı ifasını, eləcə də ADA Universiteti tələbələrinin hazırladığı rəqs nömrələrini izləyiblər.

Festival sonda DJ Kənanın canlı zərb alətlərində ifası ilə müşayiət olunan dinamik DJ seti ilə yekunlaşıb və iştirakçılar üçün unudulmaz anlar yaradıb.

Bu il festival çərçivəsində ziyarətçilər üçün interaktiv təcrübələr də təqdim olunub. İştirakçılar xüsusi hazırlanmış foto zonalarında yaradıcı şəkillər çəkdirərək bayram mövzusunda unikal xatirə fotoları əldə etmək imkanı qazanıblar.

Bahar Gənclik Festivalı gəncliyi, mədəniyyəti və Novruz ənənələrini qeyd edən, eyni zamanda ADA Universiteti kampusunda birlik ruhunu gücləndirən ən çox gözlənilən illik tədbirlərdən biri kimi ənənəvi şəkildə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti