Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? - Ali Məhkəmədən açıqlama

Cəmiyyət Materials 8 İyun 2026 11:11 (UTC +04:00)
Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? - Ali Məhkəmədən açıqlama
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ali Məhkəmə beynəlxalq yük daşınması ilə bağlı mübahisələrdə yük göndərənin və daşıyıcının müəyyən edilməsinə dair mühüm hüquqi mövqe açıqlayıb.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, məhkəmənin qərarında bildirilib ki, beynəlxalq yükdaşımada tərəflərin statusu ilk növbədə rəsmi daşıma sənədləri, xüsusilə beynəlxalq yük qaiməsi (CMR) və gömrük bəyannamələri əsasında müəyyən edilməlidir.

Qərar yükün Rusiyaya daşınması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində məhsulun yararsız hala düşməsi ilə bağlı məhkəmə mübahisəsi üzrə qəbul olunub. İddiaçı yükün daşınmasına dair sürücü ilə şifahi razılığın olduğunu və dəymiş zərərin ödənilməli olduğunu bildirsə də, daşıma sənədlərində yük göndərən kimi başqa şəxs göstərilib.

Ali Məhkəmə qeyd edib ki, kommersiya münasibətlərində yazılı sübutlar prioritet əhəmiyyət daşıyır. Bu səbəbdən yük daşınması müqavilələrindən irəli gələn mübahisələrdə yazılı müqavilələr, qaimələr və digər rəsmi sənədlər əsas sübut vasitələri hesab olunur.

Məhkəmənin mövqeyinə görə, qanunvericiliyə əsasən qaimə əksi sübuta yetirilmədikcə yük göndərənlə daşıyıcı arasında müqavilənin mövcudluğunu, yükün daşıyıcı tərəfindən qəbul edilməsini, eləcə də yük göndərənin və daşıyıcının kimliyini təsdiq edən əsas sənəddir.

Qərarda vurğulanıb ki, qaimədə və gömrük sənədlərində yük göndərən kimi göstərilən şəxs ilkin hüquqi qiymətləndirmədə məhz yük göndərən hesab olunur. Rəsmi sənədlərdə adı göstərilən şəxslərin hüquqi statusuna qiymət verilmədən və onların prosesə cəlb olunmadan yalnız tərəflərin şifahi izahatları əsasında fərqli nəticəyə gəlmək qanunvericiliyin tələblərinə uyğun deyil.

Daşıyıcının müəyyən edilməsi məsələsində də Ali Məhkəmə bildirib ki, rəsmi sənədlərdə daşıyıcı kimi göstərilən şəxsin statusu yalnız ehtimal edilən işgüzar praktikalara istinad etməklə inkar edilə bilməz. Belə praktikanın mövcudluğu mübahisəsiz və etibarlı sübutlarla təsdiqlənməlidir.

Nəticə etibarilə Ali Məhkəmə belə qənaətə gəlib ki, beynəlxalq yük daşınması ilə bağlı mübahisələrdə yük göndərənin və daşıyıcının müəyyən edilməsi ilk növbədə rəsmi daşıma sənədləri əsasında aparılmalı, yalnız bundan sonra məsuliyyət məsələsinə hüquqi qiymət verilməlidir.

Məhkəmə sahibkarlara da tövsiyə edib ki, yükdaşımalar zamanı münasibətlərin düzgün sənədləşdirilməsinə xüsusi diqqət yetirsinlər. Qeyd olunub ki, şifahi razılaşmalarla kifayətlənmək və ya sənədlərin düzgün rəsmiləşdirilməməsi sonradan hüquqların müdafiəsini çətinləşdirə bilər.

Başlıq: Ali Məhkəmə beynəlxalq yükdaşımada yük göndərən və daşıyıcının müəyyən edilməsinə aydınlıq gətirib

Məqalədə:

Xəbər lenti

Xəbər lenti